“Dəhlizə 10 min terrorçu və kriminal ünsür yerləşdirilib” - FRANSA VƏ İRANIN ZƏNGƏZUR PLANI

“Türk dünyasını iqtisadi və siyasi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi xarici güclərin hədəfindədir. Sərhəddə Fransanın maliyyələşdirdiyi minlərlə erməni qanqsteri yerləşdirilib. PKK terrorçuları da daxil olmaqla, burdakı terror təşkilatlarının  üzvlərinə, kriminal ünsürlərə  Fransa tərəfindən gündəlik 12 dollar maaş verilir. Həmçinin Fransa, İran və Hindistan bölgəyə silah göndərməklə məşğuldurlar. İran silah göndərməklə yanaşı, Zəngəzur koridorunun yaxınlığındakı erməni kəndlərini boşaldaraq, bura öz adamlarını yerləşdirir”.

Bu barədə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi”ndə yayımlanan “Fransa və İrandan Zəngəzurda təxribat” başlıqlı məqalədə bildirilir.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik: Bir neçə gündür davam edən Antalya Diplomatik Forumunda Zəngəzur məsələsi də müzakirə olunub. Erməni tərəfi dəhlizə nəzarətin onlara məxsus olması fikrini müdafiə edib. Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın iştirak etdiyi danışıqlarda Türkiyə tərəfi Zəngəzura xüsusi statusun verilməsini və Rusiyadan asılı olsa da muxtar vilayət statusuna malik Kalininqrad modelinin həyata keçirilməsini təklif edib. Diplomatik Forumda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev isə Ermənistan Konstitusiyasındakı bəzi maddələrin Azərbaycanın ərazi bütövlüyünü təhdid etdiyini bildirib.

Azərbaycanlı siyasi ekspert Qafar Mehdiyev bildirib ki, Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla 10 min nəfər silahlı yerləşdirilib:“Sasna”, “Tsrer”, “Voma”, “Nor Asala”, “Bever” və “Yerkrapa” kimi terrorçu dəstələrin üzvlərinə gündəlik maaş verilir. Bu məbləğ Fransa və erməni diasporunun yaratdığı xüsusi fond tərəfindən ödənilir. Təhlükəsizlik mənbələri Ermənistan-Azərbaycan sərhədində və Zəngəzurda yerləşdirilən terrorçu və kriminal ünsürlər bölgəyə Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dən cəlb edildiyini öyrənib”.

Mövcud vəziyyətin dözülməz olduğunu vurğulayan ekspert sərhəddə artan təzyiqlərə diqqət çəkib və müharibə ilə bağlı xəbərdarlıq edib:“Zəngəzur təkcə Türk dünyasını və Ermənistanı maraqlandıran dəhliz deyil. Bura region və dünya ticarəti üçün mühüm əhəmiyyət kəsb edir. Ermənilər vədlərinin heç birinə əməl etmədilər. Onlar Ermənistan qanunlarının Antalyada təhlükəsizlik və ticarət baxımından etibarlı olacağında israr etməyə davam etdilər. Rusiya, Türkiyə və Azərbaycan təbii ki, bunu qəbul etməyəcək. Ermənilər 3 ildir ki, Fransa və İrandan aldıqları təlimata uyğun olaraq heç bir addım atmırlar. Onlar gizli şəkildə müharibəyə hazırlaşırlar.

Bunu Samvel Babayanın açıqlaması da təsdiq edir. Babayan bəyan edib ki, hər kəs müharibəyə hazır olmalıdır. Hindistan, İran və Fransa bölgəni müasir silahlarla atəş topuna çevirmək istəyirlər. Fransa və İran hərbçiləri bu dəstələrə elektron müharibə, raket, mina və kəşfiyyat təlimləri keçir. Həmçinin İrəvan Fransadan müasir silah sistemləri aldığını etiraf edib. Bu yaxınlarda Hindistan Ermənistana səsdən sürətli uzaqmənzilli “Brahmos” qanadlı raketlərini çatdırıb”.

 

Strateq Taleh Şahsuvarlı da qeyd edib ki, İrəvan sazişin maddələrinin icrasına kənardan olan göstərişlər səbəbindən müqavimət göstərir.

Fransa və İranın fərqli planlarının olduğunu qeyd edən Şahsuvarlı bildirib ki, Ermənistan Zəngəzur koridoruna separtçılar toplayır və hərbi texnikalar yerləşdirir: “Bundan əlavə, dəhlizin Ermənistan tərəfindəki bir çox kəndlər boşaldılıb. İran bu kəndlərə öz adamlarını yerləşdirir. Fransa isə Paşinyana dağılmış ordusunu bərpa etmək üçün müxtəlif silahlar verir”.

Azərbaycanın təhlükəsizlik mənbələrinin məlumatına görə, bu dəstələ üzvləri Ermənistan ordusunda xidmət edən hərbçilər deyillər. Bildirilib ki, Bakı artan təhdidlərə və təxribat cəhdlərinə qarşı tədbir görüb.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın silahlandırılmasını ciddi təhlükə kimi qiymətləndirən Azərbaycan lideri İlham Əliyev “Biz daha bu vəziyyətə reaksiyasız qala bilmərik” mesajını verib”./azpolitika.info