Deputat Feyziyevin Londondakı sirli ortağı aşkara çıxarıldı - O, "çirkli pullar"ın yuyulması üzrə əsas fiqurdur...

Xarici şirkətləri qlobal çirkli pulların yuyulması araşdırmasının bir hissəsi olan iş adamı Britaniyada hakim Mühafizəkarlar Partiyasının əsas donorudur.

Stopnarkotik.az xəbər verir ki, Biznes və xeyriyyəçiliyə görə OBE-yə (Britaniya İmperiyası Ordeni) sahib olan Cavad Mərəndinin (Javad Marandi) adı anonim qalmaq üçün BBC ilə 19 aylıq məhkəmə çəkişməsini uduzduqdan sonra açıqlanıb.

Cənab Mərəndi hər hansı qanun pozuntusunu qəti şəkildə rədd edir və o, cinayət məsuliyyətinin subyekti deyil.

Məhkəmələrdə məxfiliklə bağlı qanunların artması fonunda ona qarşı çıxarılan qərar mətbuat azadlığı üçün mühüm mərhələdir.

BBC-nin çərşənbə axşamı yayılan reportajı İcmalar Palatasında Mühafizəkarlara verilən ianələrlə bağlı araşdırma aparılmasını istəyən müxalif deputatların suallarına səbəb olub.

Britaniyanın Cinayətkarlığa Qarşı Mübarizə Agentliyinin (NCA - National Crime Agency) təhqiqatı müəyyən edib ki, cənab Mərəndinin xaricdəki bəzi maraqları Azərbaycanın ən varlı oliqarxlarından birinin cəlb olunduğu "çirkli pullar"ın yuyulması üzrə mürəkkəb sxemdə əsas rol oynayıb.

2022-ci ilin yanvarında hakim Cinayətkarlığa Qarşı Mübarizə Agentliyinin Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevin Londonda yaşayan ailəsindən 5,6 milyon funt-sterlinq (7 mln ABŞ dolları, 11,9 milyon AZN) müsadirə edə biləcəyi barədə qərar çıxarıb.

Feyziyev

Cavanşir Feyziyev

Onların Britaniya bank hesablarına daxil olmuş nağd pullar Azərbaycandan, hakiminin dediyinə görə, "çirkli pulların yuyulması üzrə əhəmiyyətli bir sxem"lə çıxarılıb.

Ailə bu iddianı rədd etmiş və 2021-ci ilin oktyabrında keçirilən dinləmənin əvvəlində məhkəmə cənab Mərəndinin anonimliyini təmin etmişdi.

İndi Ali Məhkəmənin hakimləri cənab Mərəndinin NCA-nin işi üzrə "əhəmiyyətli şəxs" olduğu üçün onun kimliyinin açıqlana biləcəyi barədə qərar çıxarıblar.

“Uğurlu beynəlxalq iş adamı”

55 yaşlı cənab Mərəndi İranda anadan olub və hazırda yaşadığı Londonda böyüyüb.

Onun mühafizəkarlarla əlaqələri səxavətli ianələrilə bağlı hesabatlar sayəsində məlum olub. Seçki Komissiyasının məlumatına görə, 2014-2020-ci illər arasında o, 633,800 funt sterlinq verib.

2022-ci ilin fevralında The Sunday Times qəzetinin yazdığına görə, o, o vaxtkı Baş nazir Boris Johnson da daxil olmaqla, yüksək rütbəli partiya rəsmilərinə çıxışı olan əsas donorlar qrupunun üzvlərindən biri olub.

Cavad Mərəndi

Cənab Marandi xeyriyyəçilik fəaliyyəti və incəsənətə dəstəyi ilə tanınır

Cənab Mərəndi məhkəmədə Britaniya və xaricdə geniş biznes maraqları portfeli olan "çox uğurlu beynəlxalq iş adamı" kimi təsvir edilib.

O, məşhur dizayn brendi The Conran Shop-un, bahalı çanta firması Anya Hindmarch Ltd-də payın, Oxfordshire qraflığındakı otelin və eksklüziv özəl klubun sahibidir.

O, həyat yoldaşı ilə birlikdə Prince and Princess of Wales xeyriyyə təşkilatına sponsorluq edən Marandi Fondunun rəhbəridir.

2021-ci ildə cənab Mərəndi evsizlər üçün xeyriyyə təşkilatı olan Centrepoint-in imkansız gənclərlə işini necə genişləndirə biləcəyinə dair təlimat verərək xüsusi məsləhətçisi oldu.

Təhqiqat əvvəlki hadisələrə aid olduğu üçün cənab Mərəndinin Britaniyadakı biznesləri və ya bu qurumlardan heç biri NCA araşdırmasının tərkibi deyil.

“Azərbaycan camaşırxanası”

Təhqiqat 2017-ci ildə araşdırmaçı jurnalistlərin “Azərbaycan Camaşırxanası” kimi tanınan, pulların yuyulması üzrə nəhəng sxemi üzə çıxarmasından sonra başlayıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycan xalqı və iqtisadiyyatından oğurlanan 2,9 milyard dollar məbləğində çirkli nağd pulun ölkə elitasının üzvləri tərəfindən necə xaricə çıxarıldığını aşkarlayıb.

Bu, əsasən onların şəxsi məqsədləri, lakin həm də Avropa siyasətçilərinə rüşvət verilməsi üçün idi.

OCCRP-nin həmtəsisçisi Paul Raduya deyib ki, “Çamaşırxana” sxemi postsovet talançılığının ən əhəmiyyətli nümunələrindən olub.

““Azərbaycan camaşırxanası” Azərbaycanın özünə, Avropa İttifaqına, ABŞ-a və dünyanın digər hissələrinə bir çox səviyyələrdə böyük ziyan vurub”, - o söyləyib.

"Kiçik bizneslər xeyli pul itirdi - onların “Camaşırxana”nın mərkəzində olan bankda əmanətləri var idi".

Bu ifşalar NCA-nı Feyziyevlər ailəsinin Britaniyadakı maliyyə vəziyyətini araşdırmağa - 2021-ci ildə onların Britaniyadakı pullarının bir hissəsinin müsadirəsi üçün müraciətə əsas verdi - və məhkəmədə cənab Mərəndi ilə əlaqənin açıqlanmasına sövq etdi.

Pulların marşrutu

Westminster Magistrates Məhkəməsindəki NCA işinin sənədlərinə görə, Feyziyevlər ailəsinin Londondakı hesablarına gələn şübhəli pul nə işçiləri, nə də fəaliyyəti ilə bağlı izi olmayan bir şirkətə məxsus bank hesablarından daxil olub.

Bakı

NCA agentliyi bildirir ki, maliyyə əməliyyatlarının izi Bakıdakı saxta şirkətə pul köçürülməsi ilə başlayır

Azərbaycan paytaxtı Bakıda yerləşən “Baktelekom” az qala eyni adda olan dövlət firmasına bənzəyirdi.

Dairə hakimi John Zani müəyyən edib ki, "bu cinayət müəssisəsindən əldə edilən əhəmiyyətli vəsait" daha sonra Glasgow-da qeydiyyatdan keçmiş “shell”, yəni qabıq şirkətlərə məxsus Baltik ölkələrdəki iki bank hesabına köçürülüb.

NCA-nın məlumatına görə, pulun bir hissəsi daha sonra Cavanşir Feyziyev və Cavad Mərəndi ilə əlaqəli hesablara daxil olub.

“Avromed” adını paylaşan bir sıra firmalar bu pulların köçürülməsində "mərkəzi" olub.

Benefisiarı cənab Mərəndi olmaqla, onlardan biri 2005-ci ildə Seyşel adalarında yaradılıb.

Məhkəmə sənədləri Avromed Seyşel şirkətinin böyük məbləğlər aldığını göstərir.

Şirkətə başqa mənbələrdən də pul daxil olub. Ümumilikdə, müstəntiqlər aşağıdakı ödənişləri qeyd edirlər:

• $34.8mln (£27.8mln) Cavanşir Feyziyevə

• $48.8mln (£39mln) Cavad Mərəndiyə

• $106.9mln (£85.4mln) ) Benefisiar olaraq cənab Mərəndiyə məxsus Britaniya Virgin Adalarında qeyd alınan Vynehill Enterprises-ə

Hakim Feyziyevlər ailəsinə məxsus nağd pulun müsadirəsi ilə bağlı NCA-nın vəsatəti üzrə qərar çıxararkən belə nəticəyə gəlib:

“Baktelekom, Hilux və Polux arasında qanuni (və çox əhəmiyyətli) işgüzar əməliyyatları (bəlkə köçürmələri) dəstəkləmək üçün iddia edilən faktura və müqavilələrin tamamilə uydurma olduğuna dair xeyli sübutların olması məni qane edir”.

Onlar “hesabları yaradanların çirkli pulların yuyulması ilə bağlı fəaliyyətlərini ört-basdır etmək üçün çox əhəmiyyətli məbləğlərin hesablarına yerləşdirilməsinə və çıxarılmasına” imkan vermək üçün təşkil edilmişdi.

Seyşel adaları

Seyşel adaları: Burada qeydiyyatdan keçmiş və Baltik ölkələrdə hesabı olan şirkət Glasgow-dakı firmalardan köçürmələr alıb

NSA məhkəməyə bildirib ki, o, cənab Mərəndinin maliyyəsi ilə bağlı aktiv təhqiqatın olub-olmadığını “nə təsdiqləyəcək, nə də təkzib edəcək”, lakin tanınmış iş adamı hər hansı qanun pozuntusunda iştirakını qəti şəkildə rədd edib.

Onun vəkilləri məhkəməyə bildiriblər ki, 2012-2017-ci illər arasında Azərbaycanda sərt valyuta nəzarətinə görə, “Avromed” və digər bizneslərdən qanuni dividendləri köçürmək üçün Latviya və Estoniyadakı valyutadəyişmə məntəqələrindən istifadə etməli olublar.

“Vəsaitlər qanuni yolla əldə edilib və qanuni şəkildə köçürülüb və çirkli pulların yuyulmasından söhbət gedə bilməz”, - vəkillər deyiblər.

Məhkəmə

İs üzrə çəkişmələr 2021-ci ilin oktyabrında başladı

Mərəndinin adının açıqlanması

Feyziyevlər ailəsinə qarşı NCA-nın apardığı iş ilk dəfə məhkəməyə təqdim olunarkən, cənab Mərəndinin vəkilləri iddia edirdilər ki, onun adının açıqlanması şəxsi həyatının toxunulmazlığını pozacaq və reputasiyasına “dərin və bərpa olunmaz” ziyan vuracaq – ən azı ona görə ki, heç bir hüquq-mühafizə orqanı işlə bağlı ona müraciət etməyib və ya onun ifadəsini almayıb.

Məhkəmənin Feyziyevlər ailəsinin Britaniya bank hesablarındakı milyonlarla vəsaitinin müsadirə oluna biləcəyi barədə hökmündən sonra BBC və “London Evening Standard” cənab Mərəndinin xaricdəki bəzi maraqlarının bu işin bir hissəsi olduğunu açıqlamağın ictimai maraqlara uyğun olduğunu mübahisələndirdi.

2022-ci ilin mayında, hakim Zani, onun "əsas proses üçün əhəmiyyətli şəxs" olduğunu deyərək iş üzrə adı MNL kimi keçən cənab Mərəndinin açıq ədalət prinsipləri əsasında adının çəkilə biləcəyinə qərar verdi.

Bu qərar cənab Mərəndi tərəfindən bir ildən artıq davam edən əlavə etirazlara təkan verdi.

Onun vəkilləri hakim Zani-nin qərarına bahalı Ali Məhkəmə baxışına nail oldular.

Bu mərhələdə “London Evening Standard” çəkişmədən çəkildi.

Ötən ay ölkənin ən təcrübəli iki hakimi medianın cənab Mərəndinin adını çəkə biləcəyinə dair qərar verdi.

Onlar belə qənaətə gəliblər ki, açıq ədalət təməl prinsipdir və anonimliyə yalnız müstəsna hallarda icazə verilməlidir.

Cənab hakim Mostyn deyib: "Məni yeganə təəccübləndirən odur ki, ilk növbədə anonimlik əmri təmin edilib. Prosessual ədalətsizlik, eləcə də aşkar layiqsizlik səbəbləri ilə o, heç vaxt verilməməli idi".

İşi uduzduqdan sonra cənab Mərəndinin sözçüsü bildirib ki, o, nə Feyziyevlər ailəsinə qarşı iddianın predmeti, nə də ki, şahid olub.

"Buna görə də, bu saxta tapıntıları təkzib etmək üçün fundamental hüquq olmadan adının hallandırılması ədalətsizlikdir".

BBC-yə məlumatı yaymaq icazəsini verən Apellyasiya Məhkəməsinin bazar ertəsi axşamı çıxardığı qərarında deyilir:

“[Cənab Mərəndi] müsadirə prosedurlarında tərəf və ya şahid olmaya bilərdi, lakin bu o demək deyil ki, ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün ədalətli imkanı olmayıb”.

“O, anonimlik iddiasını dəstəkləmək üçün dəlillər təqdim edərkən onları təfsilatlı şəkildə təkzib edə bilərdi. Əvəzində o, qanunsuzluğa yol verməməsi barədə sırf inkarı seçdi”.

“Bundan başqa, bu işdə, [Ali Məhkəmənin] dediyi kimi, müsadirə qərarında [ərizəçinin] cinayətdə təqsirli olmasına dair nəticə yoxdur”.

"Siyasi bomba"

Transparency International UK antikorrupsiya araşdırma qrupunun siyasət üzrə direktoruna əsasən, Mühafizəkarlar Partiyasının cavab verməli olduğu suallar var.

"Bu, siyasi bombadır", Duncan Hames deyib.

“Bu gün öyrəndik ki, Britaniya siyasi partiyasına yüz milyonlarla verən birisi hakimin sözlərinə görə, çirkli pulların yuyulması ilə məşğul olan böyük bir müəssisə barədə məhkəmə proseslərində mühüm əhəmiyyət kəsb edən şəxs olub”.

"Bu, təkcə pulun haradan gəldiyindən narahat olan insanlar üçün deyil, həm də mənşəyi ilə bağlı lazımi yoxlamalar aparmadan pulun siyasi partiyalara necə asanlıqla çata biləcəyi barədə nə deməsi ilə bağlı narahatlıq doğurmalıdır."

Liberal Demokrat partiyasından keçmiş millət vəkili əlavə edib: “Sadəcə kiminsə seçici siyahılarında olub-olmadığını yoxlamaq kifayət deyil. Siyasi partiyalarımız kimdən pul aldıqlarına dair daha diqqətli olmalıdırlar”.

Mühafizəkarlar partiyasının sözçüsü bəyanatında bildirib ki, partiya yalnız “icazə verilən mənbələrdən, yəni Böyük Britaniyanın seçki siyahılarında qeydiyyatdan keçmiş şəxslərdən və ya Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlərdən” ianələr qəbul edir.

“İnanələr düzgün və şəffaf şəkildə Seçki Komissiyasına açıqlanır, onlar tərəfindən açıq şəkildə yayılır və qanunun tələblərinə cavab verir”.

Parlamentdə SNP-dən millət vəkili Alison Thewliss-ə NCA-nın araşdırmasının nəticələri ilə bağlı təcili sual vermək haqqı verilib.

O, daxili işlər nazirinin müavini Chris Philp-dən cənab Mərəndinin nazirlərlə görüşüb-görüşmədiyi və hər hansı hökumət müqaviləsi alıb-almadığını təsdiqləməyini soruşub.

Parlamentin İctimai Hesablamalar Komitəsinin keçmiş sədri, Leyboristlərdən Margaret Hodge isə deyib:

“İddiaları çox ciddi qəbul etməliyik. Əgər bu, doğrudursa, çirkli pullar bizim siyasətimizə əməlli-başlı yol tapıb... Hökumət bütün tərəflərdən diqqətli olmağı və bütün siyasi ianələrin mənbələrinin yoxlanılmasını tələb edən qaydalar çıxaracaqmı”.

Cənab Philp hökumətin "Böyük Britaniyanın çirkli pullarının olmadığına əmin olmaq öhdəliyi" olduğunu söyləyib və vurğulayıb ki, seçki qanunu "ianələrə nəzarət üçün ciddi rejim" tətbiq edir.

Onun sözlərinə görə, hökumət "hüquq-mühafizə orqanlarının araşdırmalarına dair şərh verə bilməz və vermir".

BBC News şərh üçün Royal Foundation və Centrepoint ilə əlaqə saxlayıb.

Bu məqalənin əvvəlki versiyasında BBC cənab Mərəndinin Mühafizəkarlar Partiyasına ianələrini £756,300 olaraq bildirmişdi. Bu məbləğə onun ailəsinin başqa bir üzvünün ianələri daxildir./bbc