Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazisi İlkin Hüseynov ona əlillik dərəcəsi təyin olunmadığına görə intihar edəcəyini bildirib.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən "Unikal"ın soğusuna cavab olaraq bildirilib ki, əlilliyin qiymətləndirilməsi ilk növbədə aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirilir:
"Hüseynov İlkin Savalan oğluna aid əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən forma-88 sənədi Əlillik altsisteminə daxil edilməyib.
Belə olan halda qiymətləndirilmə aparılması mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsinin həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək", - deyə açıqlamada qeyd olunub.
***12:37
Vətən müharibəsi qazisi İlkin Hüseynov ona əlillik dərəcəsinin təyin edilməməsindən şikayət edib.
Bu barədə o, öz "Facebook" səhifəsində status yazıb. Qazi statusunda qeyd edib ki, Vətən müharibəsinin bitməsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, ona əlillik dərəcəsi təyin olunmayıb:
"Vətən müharibəsində oktyabr ayının 20-si Qubadlı uğrunda gedən döyüşlərdə sağ ayağımdan yaralanmışam. Bundan əlavə olaraq, psixoloji travma da almışam. Ağrılarım günü-gündən artır. Müalicə üçün “YAŞAT” fonduna müraciət edəndə isə deyirlər ki, sizin əlillik dərəcəniz yoxdur, köməklik edə bilmərik.
Mənim nə imkanım var ki, gündə rayondan Bakıya gəlim etiraz aksiyası edim, nə də səhhətim ona icazə vermir. Son paylaşımım budur. Bu ayın sonuna qədər lazımi orqanlardan mənimlə maraqlanan olmasa, intihar edəcəm. Nə yaşama gücüm var, nə də əsəblərim bu haqsızlığa tab gətirmir”./"unikal"