Bakının Nizami rayonunda 1974-cü il təvəllüdlü Süsən ailə münaqişəsi zəminində gəlini Nəzrinə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Stopnarkotik.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarın 2-də baş verib. Münaqişəyə səbəb Nəzrinin Sahibdən boşanmaqdan imtina etməsi, birgə yaşadıqları evi tərk etmək istəməməsi olub.
Bu zaman onlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Süsən yumruqla Nəzrinin bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Süsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təsirləndirilən şəxs qismində ifadə verən Süsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yanvarın 2-də, saat təxminən 12 radələrində oğlu Sahib evə gələrək Nəzrinə onunla boşanmaq istədiyini deyib. Onun sözlərinə görə, bu zaman Nəzrin ağlayaraq boşanmaq istəmədiyini bildirib və mübahisə ediblər. O qeyd edib ki, sonra onunla gəlini arasında mübahisə olub və o, gəlininə xəsarət yetirib.
İşüzrə zərərçəkmiş Nəzrinin sözlərinə görə, yanvarın 2-də, saat təxminən 12 radələrində əri Sahib yaşadıqları evə gəlib:
“Sahib mənə boşanmaq istədiyini, əşyalarımı yığıb evdən getməyimi bildirdi. Mən də ona etiraz etdim. Bununla bağlı aramızda mübahisə yarandı. Sahibə “bizim aramızda olan münasibəti sənin anan pozdu” dedim. Bu zaman qayınanam Süsən ünvanıma nalayiq ifadələr işlətdi. Mən də qayınanama qarşı nalayiq ifadələr işlətdim. Bu zaman qayınanam mənə tərəf gəldi, yumruqla sinə və baş nahiyələrimə vurdu”.
Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Süsənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.