BMT 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günündə yeni hesabatını dərc edib.
Hesabatda dünyada müharibələr, iqlim fəlakətləri, sosial gərginliyin və qanunsuz miqrasiyanın miqyasının artması və məcburi köçkünlərin sayının 100 milyon nəfərə çatması fonunda narkobiznesin genişlənməsi faktı diqqətə çatdırılır. Qeyd olunur ki, qanunsuz narkotik bazarları daha çox fəlakətlərə səbəb olur, sosial şəbəkələrdə kokainin tədarükü və narkotik vasitələrin satışının həcmi artır. Bununla yanaşı, sintetik narkotiklərdən istifadə halları da çoxalıb, dünyanın istənilən yerində ucuz və asanlıqla istehsal oluna bilən fentanil kimi ölümcül maddələr daha geniş yayılır. Hazırda narkotik maddə istifadəsi pozğunluğu olan insanların yalnız 20 faizə yaxını müalicə alır və bir çoxları üçün səhiyyə xidməti tamamilə əlçatmazdır. Narkotik asılılığı olanların təxminən yarısı qadınlardır.
Hesabatda regionlar və ölkələrin təqdim etdikləri statistik məlumatlar yer alıb, hökumətlərin narkobizneslə mübarizə sahəsində gördükləri tədbirlər qeyd edilib.
Xatırladaq ki, narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyunun 26-sını Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğun olaraq təkmilləşdirilməsi Azərbaycan dövlətinin də əsas fəaliyyət istiqamətlərindən biridir.