Robert Niqmatulin: “Biz fəlakətə, ikirəqəmli iqtisadi tənəzzülə doğru gedirik…”
“Çinin ən kasıb bölgələrində belə gəlirlər bizim ən kasıb bölgələrimizdəkindən daha yüksəkdir”
Son zamanlar Rusiyadakı tanınmış, nüfuzlu şəxslər tərəfindən Vladimir Putin hakimiyyətini kəskin tənqid edən çıxışlar xeyli artıb.
Rusiya paytaxtında keçirilən Moskva İqtisadi Forumunun plenar iclasında çıxış edən tanınmış akademik Robert Niqmatulinin nitqi Rusiyada geniş əks-səda doğurub.
Niqmatulin ölkədə mövcud olan sərt senzuraya və repressiyalara rəğmən, birbaşa Rusiya hakimiyyətini hədəf alan fikirlər səsləndirib.
Akademik Rusiya iqtisadiyyatının potensial olaraq yarıya qədər kiçilməklə "fəlakətə doğru getdiyini" deyib. Mövcud sosial vəziyyəti qiymətləndirən akademik ölkədə həyat səviyyəsinin görünməmiş dərəcədə aşağı düşməsini və demoqrafik azalmanın müşahidə olunduğunu qeyd edib.
Onun dediyi kimi, Rusiyada adambaşına düşən gəlir Avropada ən aşağı səviyyədədir, vəziyyət o qədər acınacaqlıdır ki, bir çox rusların gəlirləri Çinin ən kasıb bölgələrindəki əhalidən də daha aşağıdır: “Mən tam səmimi olaraq deyirəm ki, biz bəladayıq! Avropada adambaşına düşən gəlirlərin ən aşağı olduğu ölkə bizik. Daha nə qədər olar axı?… Sovet hakimiyyəti dövründə biz həqiqətən də kasıb yaşayırdıq, daha kasıb idik… Amma yenə də biz ölkə qururduq! Biz kosmos, nüvə enerjisi qurduq, biz hamıdan qabaqda idik və əlbəttə ki, bunun üçün qurbanlar verirdik. İndi isə hər şeyi itirmişik və yenə də ən kasıbıq, ən kasıb! Hətta Çinin ən kasıb bölgələrində belə gəlirlər bizim ən kasıb bölgələrimizdəkindən daha yüksəkdir. Buna necə sakit baxmaq olar?
Bizdə əhalinin azalması illik 0,6 milyona çatır. Əhalinin sayı hər il azalmağa davam edəcək..
ÜDM artımı. Biz bunu 2015-ci ildən götürdük, 2014-cü ildən 2025-ci ilə qədər, yəni 11 il, ildə cəmi 1,5% artım.
Bəs istehlak qiymətləri, bilirsinizmi, nə qədər artıb? 77%! Bu, “Rosstat”-ın rəqəmləridir. Bunu mən uydurmamışam. “Rosstat”-a görə, bütün bunları cəmləsəniz, ildə 7%, yəni 11 ildə 77 faiz inflyasiya alırsınız…
Ən təəccüblüsü odur ki, 2012-ci ildən bəri iqtisadiyyatla bağlı bir dənə də olsun Prezident fərmanı həyata keçirilməyib və nədənsə Prezident bunu tələb etmir, heç kimi buna görə cəzalandırmır. Hər şey olduğu kimi qalır, amma artıq belə olmaz!
Rusiya investisiya artımında, ÜDM artımında ən kiçikdir, iqtisadiyyat da belədir… Çinin necə inkişaf etdiyinə baxın. Ən böyük investisiya artımına və ən böyük ÜDM artımına malikdir. Yaxşı, bu ÜDM-dir. İndi inflyasiyaya nəzər salaq.
Görürsünüz, Çində inflyasiya 0.27 faizdir, ən aşağı göstəricidir. İnvestisiya artımı isə 1 faizdir. Hətta Polşada da bu göstəricilər bizdəkindən yüksəkdir…
Bəli, əlbəttə ki, investisiyaları artırmalıyıq, amma hər şey çox pis gedir. Bu nə deməkdir? Bütün bu əmsalları - pul kütləsinin səmərəliliyi, ÜDM artımı, bütöv çoxşaxəli iqtisadi göstəriciləri müqayisə etdik. Seçilmiş əlli ölkə arasında əlli birinci yerdəyik! “Böyük Rusiya” əlli ölkə arasında əlli birinci yerdədir! Biz qürur duyuruq böyüklüyümüzlə və sair və ilaxır. Amma biz artıq 30 ildir ki, bütün bunları laqeyd şəkildə izləyirik. 30 ildir!
Sənaye işçilərinin sayına baxın, deyirlər, Putin gəldi və... Baxın, hətta maşınqayırma belə çökür. 1999-cu ildə maşınqayırmada işləyənlərin sayı 4 milyon idisə, indi 440.000-dir. Təxminən on dəfə azalma. Yüngül sənaye - üç dəfə azalma. Amma əvəzində1,5 milyon kuryer və mühafizəçi var. Rusiyada hər 10.000 əhaliyə düşən alimlərin sayı 54-dür, inkişaf etmiş ölkələrdə isə 174 nəfərdir! Bu da sizin üçün səmərəlilik. İndi bu rəhbərliklə, bu ölkəyə, bu dövlətə pul yatırmaq mümkündürmü? Bəli, əlbəttə ki, yox. Buna görə də deyirəm: belə iqtisadiyyat idarə etmək olmaz!
Biz bu ideyanı prezidentə çatdırmalıyıq, çünki hər şey onun üzərindədir. Tanrı onun nüfuzuna xələl gətirməsin… Biz sadəcə kənarda dayanıb buna baxa bilmərik. Hazırkı vəziyyət təhlükəlidir. Və bir də sekvestr (büdcə xərclərinin ixtisarı-red.) var - niyə sekvestr? Bu o deməkdir ki, iqtisadiyyat tənəzzülə uğrayır. Və buna görə böhran uzanacaq; mənim fikrimcə, onu düzəltmək olmayacaq, çünki hər şey dəyişdirilməlidir. Faiz dərəcələrini artırmaq əvəzinə, təcili olaraq işləri düzəltməyə başlamalıyıq…
Bu ağrılara, bəlalara dözməli oluruq. Əlbəttə ki, iqtisadi nizam qurulmalıdır, iqtisadiyyata, eləcə də təhsil və sosial sahəyə rəhbərlik edən edən hazırkı kadrlar yararsızdır! Onları rədd etmək lazımdır! Prezidenti də buna inandırmaq lazımdır. Əlbəttə ki, investisiya artımı vacibdir, lakin səmərəliliyi də artırmaq lazımdır. Bu, böyük məsələdir. Səmərəliliyin artırılması, inflyasiyanın azaldılması böyük məsələdir. Bunları başqa adamlar, başqa qaydalarla etməlidir.
Kiçik bizneslərə əziyyət verməyi dərhal dayandırmalıyıq. İnsanlar öz işlərini, öz istehlakçılarını tapırlar və onlara vergilərlə əzab verməyə ehtiyac yoxdur. İndi deyirlər ki, kiçik və orta ölçülü bizneslərin üçdə biri ixtisar edilib. İnsanlara azadlıq verin. Onlar uyğunlaşacaq və işlərini görəcəklər. Ağıllı insanlarımız var, amma bürokratiya, məmurlar hələ də onlara təzyiq göstərir. Əlbəttə ki, vergi sistemi. Kim vergi ödəməlidir? Vergilər istehsaldan toplanmamalıdır. Vergilər daha yüksək gəlirlərdən toplanmalıdır…
Biz fəlakətə, ikirəqəmli iqtisadi tənəzzülə doğru gedirik. Sizə deyim ki, gecikmişik, həmkarlar, gecikmişik və dünya gözləmir. Vaxt tükənir!”
Qeyd edək ki, müstəqil kanalların yazdığına görə, akademik Niqmatulinin bu çıxışı Kremldə ciddi narahatlıqla qarşılanıb və bu plenar iclası təşkil edənlər buna yol verdikləri üçün sərt şəkildə danlanıb./azpolitika.info