Bakı şəhərinin Yasamal rayonu ərazisində, Yeni Yasamal adlanan yerdə, məsələn, Əsəd Əhmədov küçəsinin kənar hissələrində tikilən bəzi yeni binaların ətrafında təhlükəli vəziyyət mövcuddur.
Tikinti şirkətləri tərəfindən binalar inşa olunan zaman yer qazılıb və binaların birinci mərtəbəsinin tikintisinə torpağın əvvəlki səviyyəsindən deyil, bir neçə metr aşağıdan başlanıb. Bununla da, binaların ilk mərtəbələri və həyətyanı sahələri ətraf ərazinin səviyyəsindən xeyli aşağıda qalıb. Binaların ətrafında dərəni xatırladan çökəkliklər əmələ gəlib. Vətəndaşların və nəqliyyat vasitələrinin həmin çökəkliklərə düşməsinin qarşısını almaq üçün isə heç bir tədbir görülməyib, hasar və s. çəkilməyib.
Qeyd edək ki, Əsəd Əhmədov küçəsi insanların və nəqliyyat vasitələrinin sıx hərəkət etdiyi yerlərdən biridir. Həmçinin bu küçə axşam və gecə saatlarında işıqlandırılmır. Sadalanan hallar hazırda vətəndaşların həyatı və nəqliyyat vasitələri üçün təhlükə yaradır. Onların həmin çökəkliklərə düşmə ehtimalını artırır. Bəzən də belə hallar müşahidə olunur.
Tikinti məsələləri üzrə ekspertlər hesab edirlər ki, belə hallara görə binaları inşa edən şirkətlər məsuliyyət daşıyır. Belə şirkətlər binaların daxilində və xaricində bütün təhlükəsizlik tədbirlərini görməlidirlər. Vətəndaşların və nəqliyyat vasitələrinin binaların ətrafında yaratdıqları hündürlükdən çökəkliklərə düşməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görməli, hasar çəkməlidirlər. Lakin tikinti şirkətlərinin sahibləri bir çox hallarda bu işləri görmürlər.
Ekspertlər bildirirlər ki, hazırda Yasamalla yanaşı, Bakının digər rayonlarının ərazisində də belə hallara rast gəlinir. Onların fikrincə, yerli icra hakimiyyəti orqanları və müvafiq nazirliklər bu məsələ ilə ciddi maraqlanmalıdır. Tikinti şirkətlərindən inşa etdikləri binaların ətrafında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tələb olunmalıdır. Həmçinin tikinti şirkətlətinin balansında olmayan təhlükəli ərazilər varsa, həmin yerlərin ətrafına müvafiq dövlət qurumları tərəfindən hasar çəkilməli və ya digər müvafiq təhlükəsizlik tədbirləri görülməlidir./yenicag.az