Balakəndə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib - FOTOLAR

Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib.

Stopnarkotik.az xəbər verir ki, Balakən Gənclər Evində keçirilən tədbirdə polis əməkdaşları ilə yanaşı, rayon İcra Hakimiyyətinin, Prokurorluğun, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Sosial Xidmətlər Agentliyinin, məhkəmə orqanlarının əməkdaşları, məktəb psixoloqları və uşaq birliklərinin rəhbərləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, tədbirdə azyaşlıların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişmələri istiqamətində görülməli olan işlər müzakirə edilib. Çıxışlarda həmçinin, təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meyllilik kimi neqativ hallara qarşı mübarizəni daha səmərəli təşkil etmək üçün görüləcək işlər sadalanıb. Bildirilib ki, gələcəyin xoşbəxt və sağlam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz barışmaz mövqeyini nümayiş etdirməlidir.

Tədbir çərçivəsində konkret misallarla hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib.

Stopnarkotik.az