Bakının mərkəzi küçələrində yağış barmaqlıqları oğurlandı – FOTO/VİDEO

Paytaxtda qəribə oğurluq hadisəsi baş verib. Belə ki, bayram günlərində paytaxtın mərkəzi küçələrində xeyli sayda yağış barmaqlıqları çıxarılaraq oğurlanıb. 

Apardığımız araşdırmalar zamanı şəhərin Füzuli və Süleyman Rüstəm küçələrində xeyli sayda yağış barmaqlıqlarının oğurlandığını müəyyən etdik. 

Bu da hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaradır. Çünki, çıxarılan barmaqlıqları bəzən sürücülər çox gec müəyyən edirlər. Məhz bu təhlükənin qarşısını almaq üçün sürücülər xəbərdarlıq üçün çıxarılan barmaqlıqların yerinə köhnə şinlər qoyublar. Bu müəyyən qədər təhlükəni aradan qaldırsa da, sürücünü təhlükədən 100 faiz sığortalamır.

Bir məqamı da qeyd edək ki, oğurluq hadisəsi əsasən şəhərin mərkəzi küçələrində baş verib. Halbuki, bu küçələrdə kifayət qədər müşahidə kameraları var.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bayram günlərində belə oğurluq halları kütləvi olub:

“Təkcə Füzuli və Süleyman Rüstəm küçələrində deyil, digər yollarda da xeyli sayda yağış barmaqlıqlarının oğurlandığını müəyyən etmişik. Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. AAYDA isə öz növbəsində ən qısa zamanda oğurlanan yağış barmaqlıqlarının yenisi ilə əvəzlənməsi istiqamətində işə başlayıb”.

Faktla bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlandıq. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq məsələnin araşdırıldığını bildirib./bizim.media


Surxay Atakişiyev, Bizim.Media