Bakıdakı səy-küylü qətlin sifarişçisindən əmlak tələbi - Həyat yoldaşı məhkəməyə üz tutdu

"Azər-Ross" Mənzil-Tikinti Kooperativinin (MTK) sahibi Əflatun Piriyevin qətlində təqsirləndirilən ömürlük azadlıqdan məhrum edilmiş sözügedən MTK-nin vəzifəli şəxsi Hümbət Məmmədov məhkəməyə verilib. 

İddiaçı Ramazanova Manana Camal qızıdır. 

O, Hümbət Məmmədovla yanaşı, daha 17 nəfər barəsində iddia qaldırıb. Manana Ramazanova Hümbət Məmmədov və digər şəxslərdən əmlak tələb edir. 

Əldə etdiyimiz məlumata görə, birinci instansiya məhkəməsi Manana Ramamzanovanın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Fuad Abıyevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Manana Ramazanova Hümbət Məmmədovun həyat yoldaşıb olub. Əflatun Piriyevin qətli ilə bağlı məhkəmə prosesində adıçəkilən xanım məhz belə təqdim edilib. 

Bəzi iddialara görə, Hümbət Məmmədovun həbsindən sonra tərəflər ayrılıb. Əmlak tələbi də bu prosesin davamı kimi izah edilir. 

Hümbət Məmmədovun qətl işinə görə həbsinə gəlincə, hadisə 2011-ci ildə baş verib. 2011-ci il iyulun 11-də günorta saatlarında Nərimanov rayonu ərazisində yerləşən "Azər-Ross" Mənzil-Tikinti Kooperativində qurumun təsisçisi Əflatun Piriyevə odlu silahdan atəş açılıb. Hadisə yerinə ilk çatan Hümbət Məmmədov olub və şərikini maşına qoyaraq xəstəxanaya çatdırmaq üçün bütün şəhəri gəzdirib. Çoxlu qan itirən Əflatun Piriyev Hümbət Məmmədovun maşınında keçinib. 

Hümbət Məmmədovun bu cinayətdə əlinin olması onun telefon danaışıqları ilə üzə çıxıb. Onun sifarişini yerinə yetirmiş Vüsal Qurbanov Hümbət Məmmədovdan törətdiyi əmələ görə pulunu istəyib. Telefon danışıqları hüquq-mühafizə orqanlarının əlinə keçib. İstintaqa cəlb edilən Hümbət Məmmədov telefon danışıqlarının mətnləri ilə tanış olanda sifarişçi olduğunu boynuna alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib. /qaynarinfo.az