Bakıda kriminal hesablaşma: tanışını güllələyən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə Bakıda tanışını güllələyərək öldürməyə cəhddə təqsirli bilinən Pərviz Mayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Mayılov 15 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmədə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs şikayətini geri götürüb. Bu səbəbdən Pərviz Mayılov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

 İttihama görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Mayılov saxlanılıb.
Hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb. Abıyev Əli Elxan oğlu Pərviz Mayılovla mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb. 

Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyev kriminal hesablaşmaya görə güllələnib.

Ona "Makarov" tipli tapançadan atəş açılıb./pravda.az