Çimərlik mövsümünün açılmasına sayılı günlər qalıb. Lakin son vaxtlar istər bəzi çimərliklərdə, istərsə də dəniz sahilindəki qayalıq ərazilərdə partlayıcı qurğuların aşkar edilməsi xəbərinə tez-tez rast gəlməkdəyik.
Bu fakt isə isti yay günlərində dənizə üz tutmaq istəyənlərin həyatlarını riskə atması deməkdir.
Stopnarkotik.az bildirir ki, "Trend" aidiyyatı qurumların bunu nəzərə alaraq hər hansı bir tədbir görüb-görmədiyi ilə maraqlanıb.
Dəniz mövsümünün başlamasına günlər qalmış Bakıda dəniz sahilində və çimərlikdə ardıcıl partlayıcı qurğuların aşkarlanması nəzərə alınaraq bəzi çimərliklərdə mövsümün açılışı ləngidilə bilər?
Fövqəladə Hallar Nazirliyindən sorğuya verilən cavabda bildirildi: "Aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur. Açıqlamamız bundan ibarətdir. Bu, FHN-in səlahiyyətinə aid bir məsələ deyil".
Bakı Şəhər İcra Hakimiyyətindən də oxşar cavab verildi.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov isə Trend-ə açıqlamasında bildirdi ki, ölkə ərazisində hərbi sursatların tapılması faktlarına zaman-zaman rast gəlinir, İkinci Qarabağ müharibəsindən sonra bu kimi faktların sayı da artıb. Digər tərəfdən, keçmiş SSRİ-nin Azərbaycan da daxil olmaqla, bütün ölkə ərazisində həri-sursat anbarları mövcud idi.
"Bu kimi faktlar olduqca təhlükəlidir, sonuncu dəfə Xızıda 3 Sumqayıt sakinin partlamamış hərbi sursata toxunması nəticəsində 2 nəfər həlak oldu, bir nəfər yaralandı.
Vətəndaşlar yad cisimlərə qarşı ehtiyyatlı olmalıdır. Bu kimi hərbi sursatlara qətiyyən toxunmaq olmaz. Bunlar partlayıcı maddələr ola bilər. Xüsusilə azad olunmuş ərazilərdə buna diqqət etmək daha da vacibdir.
Vətəndaşlar bu kimi partlamamış sursata bənzər cisimlər gördükdə dərhal FHN və DİN-ə xəbər verməlidirlər", - deyə o əlavə edib.