Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı ölkəsinə təhvil verilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Türkiyə vətəndaşı Fayık Karaçöl həmin ölkədə qəsdən adam öldürməyə cəhd əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən beynəlxalq axtarışa verilib.
Həmin şəxs cari ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Fayık Karaçölün verilməsinə dair Türkiyənin səlahiyyətli orqanlarının vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cari il sentyabrın 19-da məhkəmə tərəfindən "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına əsasən, vəsatət təmin edilərək təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.
Noyabrın 3-də təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.