“Ata olmağımı elə doğum evinin həyətindəcə ağır narkotiklə "qeyd etdim"” - ŞOK MÜSAHİBƏ / VİDEO

Vüsalın (adı şərtidir-red.) 30 yaşı var. 1994-cü ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olub. Uşaqlıqdan - 10 yaşından 17 yaşına qədər yunan-roma güləşi üzrə peşəkar idmanla məşğul olub. Dəfələrlə respublika birincisi, eləcə də beynəlxalq turnirlərin mükafatçısı olub.

17 yaşından sonra narkotik istifadə etməyə başlayan Vüsal deyir ki, düz 10 il, 28 yaşınadək narkotik aludəçisi olub. Bunun 3 ilini isə daimi olaraq ağır narkotik istifadə edib.

“17-18 yaşımızda qardaşımla bir yerdə ağır narkotik istifadə edirdik”, - deyən həmsöhbətimiz, bütün bunlara görə atasını ittiham edir. Deyir ki, atası da narkotik istifadəçisi və satıcısı olub: “Atam, xüsusilə də ağır narkotiklərin külli miqdarda satıcısı idi”. Onun sözlərinə görə, tez-tez evlərinə polis basqını olduğundan, bu, uşaqlıqdan onda qorxu yaradıb, bu səbəbdən də narkotik istifadə etməyə başlayıb: “Yəni mən qorxumu narkotiklə yatırırdım”.

Vüsal bildirir ki, böyük qardaşı da, narkotik istifadəçisi olmaqla yanaşı, həm də atasının “davamçısı” olub. Odur ki, 2019-cu ildə narkotik satışı ilə əlaqədar həbs olunaraq, 8 il iş verilib.

Müsahibimiz deyir ki, 30 ildir dövlət işçisi olan anası uşaqlıqdan ona böyük ümidlər bəsləyib. Bu baxımdan, onun oxuması üçün əlindən gələni edib. Nəticədə, Respublika Olimpiya İdman Liseyini və İdman Akademiyasını bitirən Vüsal anasının köməyi ilə dövlət işinə düzəlib. 7 il dövlət işçisi kimi idman sahəsində fəaliyyət göstərib. “Amma biz atamıza oxşadıq”, - deyən Vüsal vurğulayır ki, birinci kursda oxuyanda hər gün yüngül narkotik istifadə edib: “Tələbəçilikdə atamın satdığı ağır narkotikləri oğurlayıb, yüngül narkotiklə dəyişirdim”. Lakin onun narkoman olmasından yaxın dostları istisna olmaqla, kimsənin xəbəri olmayıb.

Hətta İdman Akademiyasını bitirdikdən sonra nişanlandığı qız da onun narkoman olduğunu bilməyib. “Nişanlım bilmirdi ki, mən narkotik istifadəçisiyəm”, - deyən Vüsalın sözlərinə görə, evlənəndən sonra təxminən 1,5 il narkotik istifadəsini dayandırıb: “Sadəcə, ara-sıra arada içirdim”. Övladı dünyaya gələndə ata olmağını elə xəstəxananın həyətindəcə ağır narkotiklə “qeyd edən” Vüsal bildirir ki, bundan sonra yenidən narkotik istifadəsini davam etdirib. “Ata olmağı qabağıma məqsəd qoymuşdum, amma atalığı məqsəd qoymamışdım”, - deyə o, bildirir.

Vüsal deyir ki, bir müddət sonra işini dəyişərək, başqa bir nazirlikdə çalışmağa başlayıb. Lakin narkotik aludəçisi olması səbəbindən burada cəmi 2 ay işləyib: “8 saatlıq iş vaxtının 4 saatını ayaqyolunda keçirirdim...”

Müsahibimiz qeyd edir ki, övladı təxminən 5-6 aylıq olanda həyat yoldaşı onun narkotik istifadəçisi olduğunu bilib. Bundan sonra uşağı da götürərək, valideynlərinin evinə qayıdıb: “Həmin gündən 1 ay çox ağır vəziyyətdə oldum, ağır narkotik istifadə edir, hər gün ağlayırdım...”.

Vüsal bildirir ki, bundan sonra sağalmaq üçün reabilitasiya mərkəzinə müraciət edib. Müalicə müddəti başa çatdıqdan sonra evə qayıdan zaman gördüyü mənzərə onun planlarını yenidən alt-üst edib: “Reabilitasiya mərkəzindən evə qayıdan gün gördüm ki, atam narkotik istifadə edir...”

Buyurun, video-müsahibəni izləyin. 

Müsahibədən sitatlar:

“17-18 yaşımızda qardaşımla bir yerdə ağır narkotik istifadə edirdik”

“Qorxularımı narkotiklə yatırırdım”

“Tələbəçilikdə atamın satdığı ağır narkotikləri oğurlayıb, yüngül narkotiklə dəyişirdim”

“Ata olmağımı elə xəstəxananın həyətindəcə ağır narkotiklə “qeyd etdim””

“Reabilitasiya mərkəzindən evə qayıdan gün gördüm ki, atam narkotik istifadə edir...”

“Həyat yoldaşım məni tərk edən gündən 1 ay çox ağır vəziyyətdə oldum, ağır narkotik istifadə edir, hər gün ağlayırdım...”

“Nazirlikdə cəmi 2 ay işləyə bildim, “8 saatlıq iş vaxtının 4 saatını ayaqyolunda keçirirdim...”

Stopnarkotik.az