Astara sakinini dişləyən eşşək quduz olub? - BAYTARDAN AÇIQLAMA

Astara sakininə hücum edən eşşək bir neçə gündür müzakirə mövzusuna çevrilib. 

Hadisə Astara rayonunun Pəlikeş kəndində baş verib. Belə ki, 41 yaşlı Vəliyulla Əliabbasov yolla gedərkən qonşusunun ulağı ona hücum edib. 

Ulaq Vəliyulla Əliabbasovu yerə yıxıb, əvvəlcə qoluna xəsarət yetirib, sonra sol qulağını dişləyib.

Təcili xəstəxanaya çatdırılan kənd sakininə tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.

Bəs görəsən, ulağın anidən insanlara hücum etməsinə nə səbəb olur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan baytar Urfan Buksayev bildirib ki, ev heyvanları ilə yanaşı bəzən təsərrüfat heyvanlarında da quduzluq olur:

"Quduzluq təkcə itlərə məxsus deyil, at, eşşək, qoyun, inəkdə də quduzluq ola bilər. Naxırda, meşədə yaxud başqa yerdə həmin heyvanı quduz bir heyvan dişləyərsə, ona adicə bir cızıq qoyarsa, quduzluq dərhal həmin heyvana da keçə bilir. Quduzluq yalnız dişləmə ilə yoluxur. 

Bu baxımdan hücum edən eşşəyin də quduz olma ehtimalı var".

Baytar qeyd edib ki, vətəndaşların heyvanlarında quduzluq aşkarlanarsa, mütləq həmin heyvan baytarlıq idarəsinin əməkdaşları tərəfindən  öldürülüb yandırılmalıdır:

"Əgər sakinlər heyvanlarında bu cür hallar müşahidə edərsə, yaxud bundan şübhələnərsə, dərhal yaşadığı rayonun baytarlıq idarəsinin əməkdaşlarını çağırmalı, vəziyyəti dəqiqləşdirməlidir. Əgər baytarlıq idarəsi heyvanın həqiqətən quduz olduğunu təsdiq edərsə, bu zaman heyvanı tüfənglə vurmaq, daha sonra onu yandırıb dərin bir yerdə basdırmaq lazımdır. Çünki quduzluğun müalicəsi yoxdur. Qətiyyən həmin heyvanı digər heyvanlarla birgə saxlamaq, onu özbaşına buraxmaq olmaz".