Ağadadaş Ağayev məhkəmə qarşısında - YENİLƏNİB

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib.

Vəkil işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Qısa müşavirədən sonra hakim vəkilin Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Eyni zamanda, digər vəsatət baxılmamış saxlanıb.

Məhkəmə prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

***15:03

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni bu dəqiqələrdə vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.

Bu dəfə işə mahiyyəti üzrə baxılmır. İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediələcək, tərəflərin vəsatətləri dinləniləcək.

Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir. 

Onların ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.