ABXAZİYADA KREMLƏ QARŞI ÜSYAN – “Rusiya qanunu” əhalini küçələrə tökdü

Rusiyayönlü separatçı Abxaziyanın “hökuməti”nin ölkənin “suverenliyini” kəskin şəkildə məhdudlaşdıran və faktiki olaraq onu Rusiya Federasiyasının bir hissəsinə çevirən müqaviləyə imza atması genişmiqyaslı etirazlara səbəb olub.

Sənədin ratifikasiyası üçün “parlament” proseduru zamanı müxalifət tərəfdarları ilə separatçı rejimin deputatları arasında toqquşma baş verib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifət partiyalarının bir neçə nümayəndəsini saxlayıb. Nəticədə etirazlar daha da kütləvi xarakter alıb.

Suxuminin mərkəzinə toplaşan minlərlə müxalifət tərəfdarı mərkəzi küçələri bağlayıb. Müşahidəçilər etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğunu bildiriblər.

“Təhlükəsizlik Şurası”nın fövqəladə iclasında çıxış edən Abxaziyanın “prezidenti” Aslan Bjaniya Suxumi sakinlərini əmin edib ki, “respublika” ərazisində vəziyyət hakimiyyətin nəzarətindədir.

Abxaz “prezidenti”nin ofisinin təhlükəsizliyini bir neçə silahlı birləşmə zirehli maşınların köməyi ilə təmin edir.

Noyabrın 12-də səhərə qədər “hökumət rəsmiləri” “parlamentdə” gərginlikdən sonra saxlanılan müxalifətçiləri azad edəcəklərinə söz verib. Bundan sonra gərginlik bir qədər səngiyib və etirazçılar Gürcüstana gedən yoldakı Kodori körpüsünün açılmasına razı olbular. Eyni zamanda etirazçılar tələbləri yerinə yetirilməsə, yenidən körpünü bağlayacaqlarını bildiriblər. Xatırladaq ki, etirazçılar günorta saatlarında Suxumidən bütün çıxışları bağlamışdılar.

Abxaziya hadisələrini şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov qeyd edib ki, 2008-ci ildə Moskva Abxaziyanın müstəqilliyini tanıyanda yerli siyasətçilər və sovet dövründə Gürcüstanın tərkibində olan muxtar respublikanın əhalisi tam müstəqilliyə ürəkdən ümid bəsləyirdilər. Baxmayaraq, onlar çox gözəl başa düşürdülər ki, Rusiyanın dəstəyi olmadan Abxaziyanın mövcudluğu mümkün deyil. "Bəli, Rusiya təxminən otuz ildən sonra "havayı pendirin tələdə olduğunu" onlara xatırlatdı və abxazlara siyasətlə altruizmin bir-birinə uyğun gəlməyən anlayışlar olduğunu başa saldı. Kreml Suxumi hakimiyyətindən rus iş adamlarının Abxaziyaya sərmayə qoymasına, onun ərazisində daşınmaz əmlak və torpaq sahələri almasına, həmçinin abxaz sahibkarları ilə birgə müəssisələr yaratmasına imkan verməyən bütün qanunvericilik məhdudiyyətlərini aradan qaldırmağı tələb etdib", - Mixayılov qeyd edib.

Politoloqun fikrincə, bu tələblər çoxillik təcrübə ilə daha da ağırlaşdı və bunun nəticəsində Abxaziya hakimiyyəti Kremlin investisiyalarını aktiv şəkildə mənimsəyərək, tez-tez rus iş adamlarını aldadırdı.

Ekspert vurğulayır ki, Abxaziya fiziki olaraq Rusiyasız mövcud ola bilməz. Suxumi Rusiyanın himayəsindən məhrum olarsa, abxazlar üçün yeganə seçim Gürcüstan və Cənubi Osetiya ilə konfederasiyadır. "Onlar Rusiya sərmayələrindən oğurluq və şəxsi varlanma üçün istifadə ediblər", - Mixaylov iddia edir.

“Vaxtilə ilkin razılıq əldə edilmişdi ki, Abxaziya ərazisində Rusiya Federasiyasının qanunları tətbiq olunmağa başlamalıdır. Nəticədə bir çox cinayətkarlar Abxaziya ərazisində gizlənirlər və orada Rusiya qanunvericiliyinin təsirlərindən kənarda qalırlar. Həm də xarakterikdir ki, ruslar Abxaziyada torpaq ala bilmirlər, lakin əks istiqamətdə belə bir məhdudiyyət yoxdur. Buna görə də Rusiya Federasiyasından Abxaziyada birgə müəssisələr yaradan iş adamları tez-tez aldadılırdılar. Məsələn, abxaz həmtəsisçiləri vasitəsilə biznesə yatırılan əmlakları və pulları əllərindən alınıb. Sonda Rusiya bundan bezdi və şərtlər qoymağa başladı”.

Rusiyalı politoloqun izah etdiyi kimi, Abxaziyada çox güman ki, hazırkı etirazların arxasında Qərb tərəfindən maliyyələşdirilən müxalif qeyri-kommersiya təşkilatları (QHT) var. Bundan əlavə, Türkiyənin Suxumiyə böyük təsiri var. Lakin Mixaylovun sözlərinə görə, Rusiya vəziyyəti sabitləşdirmək üçün hər cür səy göstərəcək: “Axı Abxaziya Gürcüstan deyil. Orada cəmi yarım milyon əhali var, onlar da kifayət qədər pərakəndədirlər. Düşünürəm ki, bir az qışqırıb sakitləşəcəklər”.

Mixaylov əmindir ki, Abxaziya fiziki olaraq Rusiyasız mövcud ola bilməz. Suxumi Rusiyanın himayəsindən məhrum olarsa, abxazlar üçün yeganə variant Gürcüstan və Cənubi Osetiya ilə konfederasiyadır. "Ancaq bu, yalnız Rusiyanın himayəsi altında mümkündür”, - Yevgeni Mixaylov vurğulayıb./azpolitika.info