Amerika Birləşmiş Ştatlarının dünyada ən böyük hərbi təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford” Oslodan Rusiya istiqamətində yol alıb və yoxa çıxıb.
Bu barədə Norveçin “High North News” nəşrində məlumat verilib.
Məqalənin müəllifi Arne Holm qeyd edib ki, gəmi Norveç paytaxtını tərk edib və Uzaq Şimala istiqamət götürüb. Bundan sonra gəminin marşrut hərəkəti ilə bağlı heç nə məlum deyil. Bundan əlavə, elektron məlumatlar da yoxdur.
“Mən “USS Gerald R. Ford”un hərəkəti ilə bağlı heç bir məlumat tapmadım. Ancaq o məlumdur ki, gəmi Norveç sahilləri, Rusiya ilə sərhəd boyunca marşrut xətti üzrə hərəkət edib. Çox güman ki, gəmi hazırda hərbi tapşırığı yerinə yetirir”, - deyə Holm əlavə edib.
O vurğulayıb ki, təyyarədaşıyan gəminin göyərtəsində 4,5 minə yaxın əsgər və zabit var. Gəmi hərəkətlərinin izlənə biləcəyi mümkün olan bütün cihazları söndürüb.