Üç il əvvəl vəfat edən əsgər Eşqin Hüseynovun anası Sona Ağayeva oğluna şəhidlik statusunun verilməməsindən narazıdır.
Bununla bağlı “Qafqazinfo”ya müraciət edən ana iddia edir ki, 2020-ci ilin 16 iyununda dünyasını dəyişən oğlu hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət alıb: “Oğlum Eşqin Hüseynov 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Hərbi Hava Qüvvələrində Dizelçi-istehkamçı vəzifəsində yer alırdı.
2019-cu ili aprel-may aylarında xidmət etdiyi hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən yağışın yağması səbəbilə rayona gedən elektrik naqillərində qısa qapanma yaranır. Vəzifəsinin icrası zamanı oğlum əlindəki benzini tullamayıb ona verilən tapşırığı yetirərkən yaranan qısa qapanma nəticəsində qorxub və kəskin leykoz xəstəliyinə tutulub. Hərbi hissədə bir neçə dəfə şiddətli şəkildə burnundan qan açıldıqdan sonra komandiri oğlumu təcili olaraq Astara rayon Mərkəzi Xəstəxanasına aparıb. Orada kəskin leykoz xəstəliyi diaqnozu qoyulub. Daha sonra isə Hərbi Hospitala aparılıb. Mən general-polkovnik Zakir Həsənovun qəbulunda olarkən nazir tapşırıq verib və buna əsasən oğlum təcili Türkiyə Eğitim ve Araştırma Xəstəxanasına aparılıb. Orada aldığı 11 ay müalicədən sonra septesemiyadan (böyrək çatışmazlığıdan) dünyasını dəyişib”.
Ananın sözlərinə görə, oğluna şəhid statusu verilməsi ilə bağlı nazir tərəfindən ərizənin üzərinə yazı da qeyd edilib: “Hazırda oğlumun şəhidliyi rəsmi surətdə verilməyib. Ərizəmin üzərini nazirin yazmağına baxmayaraq heç bir HHQ və HHM əmakdaşları diqqətlə yanaşmır. Astara rayon "Azərişıq" ASC məni aldadaraq araşdırma aparmayıb və həmin elektrik naqillərində baş verən qısa qapanmanın olduğunu qeyd edən arxiv dəftərini açmayıb. Dəfələrlə gedib-gəlmişəm və hər dəfə də başımı aldadaraq məni geriyə qaytarıblar, bununla bağlı heç bir sənəd təqdim edilməyib”.
Qeyd edək ki, ananın bizə təqdim etdiyi hərbi hissə komandirinin əmrində ölümün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı baş verdiyi qeyd edilib.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumun rəsmisi Füzuli İsmayılov müraciətimizi belə cavablandırdı: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları’’nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.
Yuxarıda göstərilən qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Eşqin Hüseynovun müddətli həqiqi hərbi xidmət keçdiyi N saylı hərbi hissə tərəfindən verilmiş bildirişdə onun 16.06.2020-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində Gülhanə Təhsil və Tədqiqat Xəstəxanasında “septisemiya” xəstəliyindən vəfat etməsi qeyd olunub. Mövcud qanunvericilikdə hərbi xidmət dövrü xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi nəzərdə tutulmayıb”.