Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin keçmiş rəisi Hicran Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin sabiq rəisi Hicran Rüstəmov o vəzifədə işlədiyi 2018-2022-ci illər ərzində digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıb.
Həmçinin bu müddət ərzində bəzi əməkdaşlar üçün qanunsuz olaraq əməkhaqqı, maddi yardım və digər ödənişlər alınaraq külli miqdarda büdcə vəsaitləri israf edilib.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Hicran Rüstəmov bildirib ki, o, 2017-ci ildən Arxitektura və Tikinti Komitəsində işləyib və 2018-ci ilədək Muxtar Respublikada tikinti məsələlərinə baş nazirin müavini Asəf Məmmədov nəzarət edib:
"Asəf Məmmədov işdən azad olunandan sonra həmin iş mənə tapşırıldı. Hər ay görülən işlər Maliyyə Nazirliyinin əməkdaşları ilə birgə yoxlanılırdı. Görülən işlərə ayrılan vəsaitin üzərinə həmişə 10 faiz əlavə məbləğ yazılırdı. İşlər barəsində Nazirlər Kabinetinə məlumat verilirdi. Müşavirə keçirilirdi, görülən işlər müzakirələr olunurdu. Sonda isə qərar verilirdi ki, pullar şirkətlərin hesabına köçürülsün.
Komitənin tərkibində yeddi kiçik şirkət var idi, bu şirkətlərin hesabına pul köçürülürdü. Sonra 10 faizini aparıb aidiyyəti şəxslərə verirdik. Komitə Nazirlər Kabinetinin sərəncamlarını icra edərək pulları podratçı şirkətlərin hesabına köçürürdü. Biz sadəcə, inşa edib, təhvil verirdik. Bu müddət ərzində pullar birbaşa müvafiq şirkətlərə köçürülürdü. Eyni zamanda, təqribən 2 milyon manatı nağdlaşdıraraq Baş nazir Səbuhi Məmmədova vermişəm”.
Hicran Rüstəmov hər ay 2, 3, 5, 10 və 15 min manat paket aldığını da açıqlayıb:
"Hər ay Səbuhi Məmmədova 10 min manat verirdim. Oranın səkkiz işçisi olub. Dedim ki, ən azı 40 işçi olmalıdır. Bundan sonra göstəriş verildi ki, işçilər götürülsün, özüm də Maliyyə Nazirliyinə, Dövlət İmtahan Mərkəzinə tapşıracam. İşçilər götürüldü və tapşırıldı ki, hər ay onlara 300, 500 manat paket verim".
Təqsirləndirilən şəxs özünü qismən təqsirli saydığını deyib.
Daha sonra məhkəmədə zərərçəkən tərəf kimi çıxış edən Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin nümayəndəsi vurulmuş ziyanın tam ödənilməsini tələb edib və bunun təmin olunmasını məhkəmədən xahiş edib.
Növbəti baxış iclası iyunun 14-nə təyin edilib.
Qeyd edək ki, sabiq komitə sədri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.