1,4 TON NARKOTİK ƏLƏ KEÇİRİLDİ - Türkiyə gömrüyündə əməliyyat / VİDEO

Türkiyənin Kapıkule Gömrük Qapısında keçirilən əməliyyat zamanı bazar dəyəri 1.271 milyard Türkiyə lirəsi (50 milyon manata yaxın) olan 1 ton 413 kiloqram çəkidə marixuana (kannabis) ələ keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi öz "X" hesabında paylaşım edib.

"Edirne Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin qrupları tərəfindən qaçaqmalçılıqla mübarizə çərçivəsində aparılan risk təhlili və hədəfləmə işləri nəticəsində ölkəmizə daxil olmaq üçün Kapıkule Gömrük Qapısına gələn yük maşını yoxlanılıb. Yoxlama zamanı qanuni yükün içərisində gizlədilmiş 1 ton 413 kiloqram marixuana aşkarlanıb. Müsadirə edilən narkotiklərin bazar dəyərinin 1.271 milyard lirə olduğu müəyyən edilib", - deyə nazirliyin paylaşımında bildirilib.

Hadisə ilə bağlı Ədirnə Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.