Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti Yamaykanın Seynt Ceyms şəhərində keçirilən Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təşkilatçılığı ilə 37-ci Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransında (IDEC) iştirak edib.
Stopnarkotik.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə strateji planların işlənib hazırlanması, ortaya çıxan təhdidlərin müzakirəsi üçün 130-dan çox ölkənin hüquq-mühafizə orqanlarının nümayəndə heyətlərinin qatıldığı konfransda “Transmilli cinayətkar təşkilatların və onların təchizat zəncirlərinin sıradan çıxarılması” mövzusu ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, konfrans çərçivəsində keçirilən plenar sessiyalarda, innovativ və interaktiv seminarlarda ikitərəfli qarşılıqlı fəaliyyətlər, məlumat mübadiləsinin asanlaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ümumi öhdəliklərin icrasının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.