Zelenskinin səfəri barədə məlumatları Rusiyaya ötürən qadın saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenskinin regiona səfəri barədə məlumat toplayıb Rusiyaya ötürməyə cəhd edən qadını saxlayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, həmçinin Rusiyaya hərbi obyektlər haqqında məlumat ötürməkdə ittiham edilir. Qadının adı açıqlanmayıb.

Təhlükəsizlik xidməti bildirib ki, şübhəli şəxs Ukraynanın cənubundakı Mykolayiv liman şəhərində həbs edilib. Zelenski sonuncu dəfə iyulun 27-də şəhərə səfər edib.

Açıqlamada qadının Oçakov liman şəhəri yaxınlığında Ukraynanın elektron müharibə sistemləri və sursat anbarlarının yerlərini müəyyənləşdirməyə cəhd etdiyi bildirilir.

Xidmət bildirir ki, qadın Oçakovdandır və Ukraynanın yerli hərbi hissələrindən birində əsgərlərə mal satan ordu mağazasında işləyirmiş.