Və ya milyonlarla paytaxt sakini niyə təkcə metronun ümidinə qalmalıdır?
Məlum olduğu kimi, ötən gün Bakı Metropolitenində baş verən texniki nasazlıq Bakının nəqliyyat sisteminin nə qədər həssas olduğunu bir daha göstərdi.
Belə ki, Bakı Metropoliteni şəbəkəsində “Ulduz”–“Nərimanov” mənzili arasında aralıq kabeldə qeydə alınan qısaqapanma nəticəsində saat 12:10 radələrində təmas şəbəkəsinə elektrik enerjisinin verilməsi dayanıb və qatarların hərəkəti mümkünsüz olub. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metro yalnız saat 15:00 radələrində fəaliyyətini bərpa edə bilib.

Bir neçə saat davam edən fasilə qısa müddətdə şəhərdə ciddi problemlərə səbəb olub. Metro dayanandan sonra avtobuslarda sıxlıq kəskin artıb, minlərlə insan mənzil başına çatmaqda çətinlik çəkib, bəzi sərnişinlər yolda qalıb, taksi xidmətlərində isə qiymətlər kəskin bahalaşıb.

Metro yenidən fəaliyyətə başlasa da, qatarların intervalının artırılması səbəbindən stansiyalarda və vaqonlardakı sıxlıq bu gün də davam edir.
Məsələyə daha geniş kontekstdən baxdıqda isə problem təkcə bir günlük nasazlıqla məhdudlaşmır.

Belə ki, Azərbaycanda son illərdə sərnişindaşıma həcmi davamlı şəkildə artan dinamika nümayiş etdirir. Ümumi avtomobil nəqliyyatı növləri ilə daşınan sərnişinlərin sayı 2021-ci ildə 1 milyard 119 milyon 449 min nəfər olduğu halda, 2022-ci ildə 1 milyard 405 milyon 518 minə, 2023-cü ildə 1 milyard 694 milyon 759 minə, 2024-cü ildə isə 1 milyard 845 milyon 792 min nəfərə yüksəlib.
Metro istisna olmaqla digər nəqliyyat vasitələri ilə daşınan sərnişinlərin sayı 2021-ci ildə 4 milyon 471 min nəfər olduğu halda, 2022-ci ildə 6 milyon 914 minə, 2023-cü ildə 9 milyon 465 minə, 2024-cü ildə isə 12 milyon 528 min nəfərə çatıb.
Bakı Metropoliteni tərəfindən göstərilən xidmətlərə əsasən, metro ilə daşınan sərnişinlərin sayı 2021-ci ildə 90 milyon 232 min nəfər olub. 2022-ci ildə bu göstərici 2,3 dəfə artaraq 208 milyon 696 minə çatıb, 2023-cü ildə 219 milyon 452 min, 2024-cü ildə isə 229 milyon 680 min nəfər təşkil edib. İllik müqayisədə artım tempi 2021-ci ildə 20,8 faiz, 2023-cü ildə 5,2 faiz, 2024-cü ildə isə 4,6 faiz olub.
2025-ci ilin ilk rübü üzrə məlumatlar da ümumi tendensiyanın davam etdiyini təsdiqləyir. Bu dövrdə ölkədə nəqliyyatçılar tərəfindən 472,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növlərinin payına düşüb.
İqtisadçı Xalid Kərimli "AzPolitika"-ya şərhində bildirib ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması üçün əsas həll yollarından biri metro şəbəkəsinin genişləndirilməsidir.

Onun sözlərinə görə, Bakıda və ümumilikdə ölkədə metro sistemi hələ də yetərincə inkişaf etməyib: “Bakının, ümumiyyətlə, ölkədə metro hələ inkişaf etdirilməlidir. Yəni, ölkədə, Bakıda nəqliyyat sıxlığının azaldılması üçün metro şəbəkəsi artırılmalıdır.Düzdür, indi planlar var, təqdimatlar da edilir, yəqin baxmaq olar. Amma çox təəssüf ki, 15–20 il əvvəl hazırlanmış planlar vaxtında həyata keçirilməyib, indi isə yalnız genişləndirmə haqqında düşünülür Xüsusilə fikir versəniz, Bakıda iki əsas xətt var. Bir xətt gəlir və sonra iki istiqamətə ayrılır. Biri Əhmədli tərəfə, biri isə şəhərin mərkəzi istiqamətinə gedir. Yəni, Bakının metrosu faktiki olaraq bir gövdədən ibarətdir”.
İqtisadçının fikrincə, bu struktur gündəlik hərəkətdə ciddi problemlər yaradır: “Təsəvvür edin, bəzən Gənclikdən Dərnəgülə piyada getmək metro ilə dolanaraq getməkdən daha tez olur. Bu isə onu göstərir ki, metro sistemi optimal qurulmayıb. Metro şəhərdə nəqliyyat sıxlığının azaldılması baxımından ən effektiv vasitələrdən biridir: Bu o demək deyil ki, başqa vasitələr önəmsizdir, amma şəhərdə tıxacların aradan qaldırılması baxımından metro ən yaxşı həll yollarından biridir”.
X. Kərimli beynəlxalq təcrübəyə də toxunub. Onun sözlərinə görə, iri şəhərlərdə metro şəbəkəsi daha kompleks və əlaqəli şəkildə qurulub: “Mən Şanxay metrosu ilə tanış olmuşam. Şanxay təxminən 30 milyonluq şəhərdir, Bakıdan dəfələrlə böyükdür. Amma orada bu qədər sıxlıq müşahidə olunmur. Çünki metro xətləri paralel və perpendikulyar şəkildə qurulub və geniş şəbəkə formalaşdırılıb. Eyni yanaşma Moskva metrosunda da tətbiq olunur. Moskva həm ərazi, həm də əhali baxımından Bakıdan bir neçə dəfə böyükdür. Orada dairəvi xətlər və bir-biri ilə əlaqəli marşrutlar var. Şəhərin bir nöqtəsindən digərinə 30–40 dəqiqəyə getmək mümkündür. Metronun düzgün xətlər üzrə qurulmaması nəticəsində insanlar həm yollarda tıxacla üzləşir, həm də metroda sıxlıq yaranır”.

Bununla yanaşı, iqtisadçı hesab edir ki, yalnız metro ilə kifayətlənmək düzgün deyil və digər nəqliyyat növləri də inkişaf etdirilməlidir: “Metro texniki problemlərdən kənar olaraq inkişaf etdirilməlidir, amma paralel şəkildə digər ictimai nəqliyyat vasitələri də gücləndirilməlidir. Tramvay xətləri genişləndirilməlidir. Çünki bu, yerüstü nəqliyyatdır və tikintisi metro ilə müqayisədə daha az xərc tələb edir. Eyni zamanda, orta məsafələr üçün çox əlverişlidir”.
İqtisadçı həmçinin sürət qatarlarının əhatə dairəsinin vacibliyini vruğulayıb: “Şəhərlərarası və şəhərətrafı elektrik qatarları genişləndirilməlidir. Məsələn, Bakı–Sumqayıt xətti var, amma bu, kifayət deyil. Bu xətlər genişləndirilməli, Abşeron yarımadasını əhatə edən daha çox marşrutlar yaradılmalıdır. Bu cür nəqliyyat vasitələri bir sıra üstünlüklərə malikdir: Elektrik qatarları həm ekoloji baxımdan daha təmizdir, həm təhlükəsizdir, həm də ictimai nəqliyyatın inkişafına ciddi töhfə verir. Bu, eyni zamanda avtomobillərə olan tələbatı da azaldır.
Həmçinin velosiped və skuter kimi mikromobillik vasitələri də inkişaf etdirilməlidir. Xüsusilə gənclər arasında bu nəqliyyat növləri daha da populyarlaşdırılmalıdır. Çünki yaşlı nəsil buna öyrəşməyib, amma gənclər üçün bu, daha uyğun alternativdir”.

İqtisadçı sonda qeyd edir ki, Bakıda nəqliyyat sisteminin inkişafı kompleks yanaşma tələb edir - metro, tramvay, avtobus və digər nəqliyyat növləri paralel şəkildə inkişaf etdirilməlidir. Onun sözlərinə görə, yalnız bu halda şəhərdə nəqliyyat sıxlığını azaltmaq və effektiv sistem qurmaq mümkün olacaq.
Qeyd edək ki, nəqliyyat sisteminə düşən yükün artmasının əsas səbəblərindən biri də əhali sayının yüksəlməsidir. Belə ki, şəhər əhalisi 2021-ci ildə 2 milyon 334,3 min nəfər olub, 2022-ci ildə cüzi azalaraq 2 milyon 330,7 min nəfərə düşüb. 2023-cü ildə 2 milyon 336,6 min nəfərə, 2024-cü ildə isə 2 milyon 344,9 min nəfərə yüksəlib. İllik müqayisədə artım tempi 2021-ci ildə 0,05 faiz, 2022-ci ildə 0,15 faiz azalma, 2023-cü ildə 0,25 faiz artım, 2024-cü ildə isə 0,36 faiz artım təşkil edib.