Son zamanlar məktəblərdə baş verən təhlükəli hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradıb. Aprelin 20-də 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Elə bu günlərdə 87 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan 15 yaşlı yeniyetmə təhdid və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayıb. Aparılan araşdırmalar nəticəsində yayılan iddiaların əsassız olduğu müəyyən edilib.
Aprelin 21-də isə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı bıçaqla yüngül xəsarət yetirib.
Bunlar sadəcə son bir neçə gündə baş verən hadisələr olsa da, valideynlər uşaqlarının təhlükəsizliyindən narahatdırlar. Vətəndaş cəmiyyəti isə bu kimi kriminal meylli hadisələrin baş vermə səbəblərinin müəyyən olunmasını istəyir.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a şərhində bildirib ki, hansısa tərbiyə və əxlaq sistemi qurulursa, bu, qanunla tənzimlənməlidir. Onun sözlərinə görə, qanuna söykənməyən hansısa qadağa ən yaxşı halda qayda olacaq:
“İnsanlar qaydalardan yayına bilərlər, amma qanun qarşısında cavab verməlidirlər. Qanunun formalaşdırdığı cəmiyyət sağlam ola bilər. Sağlam düşüncə isə insanın psixi tarixçəsindən asılıdır. Uşaq əgər sağlam ailədə böyümürsə, məktəb onu ancaq müvəqqəti nizamlaya biləcək. Məktəblərdə psixoloqların fəaliyyəti genişləndirilməlidir. Onlara dərs saatları verilməlidir. Məktəb psixoloqlarına imkan və şərait yaradılmalıdır ki, rüblük və illik məktəb mühitini psixoloji qiymətləndirə bilsinlər. Məktəblərdə şagirdlərin psixoloji pasportları olmalıdır. Yəni şəxsi işlərində qeydlər aparılmalıdır. Risk və həssas qruplardan olan uşaqlara davamlı psixoloji nəzarət olmalıdır. Aidiyyəti qurumlarla davamlı ailələrdə monitorinqlər aparılmalıdır. Məktəb psixoloqlarının nüfuzu daha böyük olmalıdır, yəni onları böyütməliyik”.
Psixoloq vurğulayıb ki, uşaqların həyatına mənfi təsir göstərən valideynlər qanun qarşısında cavab verməlidir:
“Övladını sağlam böyütməyən ata və ya ananın valideynlik hüququ əlindən alınmalıdır. Ailədə sağlam psixoloji mühit olmalıdır. Əks halda sağlam insan yetişdirmək mümkün deyil. Bütün uşaqlara sevgimizi verməliyik. Ancaq öz övladını düşünən valideyn cəmiyyətə sağlam insan verə bilməz. Mühit və informasiya təsiredici faktordur. Cinayətkar təfəkkür bəzən psixi statusdur. Valideynlər övladlarının adekvat olmayan düşüncə və davranışlarını ört-basdır etməməlidirlər. Hansısa dağıdıcılığı xasiyyət adı altında gizlədilməməlidir. Reallıq budur ki, psixi xəstəliklər artıq “çağırılmamış qonaqdır”. Valideynlər uşaqlarını vaxtında psixi sağlamlıq mütəxəssislərinə aparmaqdan utanmamalıdırlar. Bəzən sağlam düşüncə mütəxəssisin dəstəyi ilə formalaşır”.
Qeyd edək ki, bu gün Trend informasiya agentliyinin yaydığı məlumata görə, Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.
Yoxlamalar əsasən Abşeron, Sumqayıt və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.
Mühafizə əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərlərində olan əşyaları yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.
Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar baş verən insidentlərin artması ilə əlaqədardır.
Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlı məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.