Yeniyetmələrin onlayn təhlükəsizliyi: qadağalar niyə işə yaramır?

Gənclər arasında rəqəmsal mühitdə hüquq pozuntularının çoxalması azyaşlıların qlobal şəbəkədə daha çox vaxt keçirməsi ilə əlaqələndirilsə də, onlara sosial şəbəkələrdən istifadə etməyi qadağan etmək düzgün çıxış yolu deyil.

Bu barədə "İzvestiya" nəşrinə açıqlama verən "Dialogue Regions" qeyri-kommersiya təşkilatının baş direktor müavini Yuliya Ablets bildirib ki, məhdudiyyətlər təkbaşına bu problemi həll etmir.

"Yeniyetmələrin iştirak etdiyi üç qanunsuz əməldən biri onlayn fəaliyyətlərlə bağlıdır, lakin qadağalar bu məsələni kökündən həll etməyə kömək etməyəcək", - deyə mütəxəssis qeyd edib.

Y.Ablets hesab edir ki, kibertəhlükəsizliyi təmin etmək üçün azyaşlılarda nizam-intizam, özünüidarəetmə və analitik düşünmə kimi fundamental vərdişlərin formalaşdırılması zəruridir. Onun sözlərinə görə, yalnız onlayn keçirilən vaxtı azaltmaqla kifayətlənməmək, eyni zamanda uşaqlara informasiyanı şüurlu şəkildə qəbul etməyi aşılamaq böyük əhəmiyyət daşıyır.

Mütəxəssis valideynlərin sadəcə nəzarət funksiyasını deyil, həm də bələdçi rolunu üzərlərinə götürməli olduqlarını vurğulayıb. O, valideynlərin virtual aləmdə rast gəlinən məlumatları övladları ilə birlikdə təhlil etmələrinin və bu cür materialların onlara hansı formada təsir edə biləcəyini aydınlaşdırmalarının vacibliyini qeyd edib.

"Senzuranın və ya sərt qadağaların müsbət nəticə verməsi inandırıcı deyil. Çünki azyaşlılar istənilən vaxt bu məhdudiyyətlərdən yan keçməyin üsullarını kəşf edə bilərlər", - deyə Yuliya Ablets əlavə edib.

Ekspert, həmçinin təhsil ocaqlarının informasiya savadlılığının artırılmasında əsas mövqelərdən birini tutmalı və sistemli internet təhlükəsizliyi dərslərinin tədris proqramlarına daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.

Mütəxəssis azyaşlıların çox erkən yaşlarından "virtual iz" buraxmağa başladıqlarını xatırladaraq xəbərdarlıq edib: "Hətta beşinci sinifdə edilən hər hansı ehtiyatsız bir paylaşım və ya şübhə doğuran fotoşəkil onların gələcəkdə universitetə qəbul şanslarını, peşəkar karyeralarını və ümumilikdə şəxsi həyatlarını riskə ata bilər".

Sonda ekspert bildirib ki, mövcud təhlükələri minimuma endirmək üçün ailə daxilində qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılması vacibdir. Bu cür mühitdə azyaşlılar çəkinmədən dəstək istəyə bilər və təhlükəsiz internet davranışının əsas qaydalarını daha yaxşı mənimsəyərlər./oxu.az