Yeni müharibə başlayır? – PXENYAN QOŞUN TOPLAYIR

Cənubi və Şimali Koreya arasında hərbi razılaşmanın qismən dayandırılmasından sonra KXDR hakimiyyəti iki ölkənin sərhədi yaxınlığındakı demilitarizasiya zonasına qoşun və ağır silahlar yerləşdirib.

Stoipnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, noyabrın 27-də Cənubi Koreyanın "Yonhap" agentliyi ölkənin silahlı qüvvələrinə istinadən məlumat yayıb.

Cənubi Koreya hərbi rəsmiləri bildiriblər ki, Pxenyanın 2018-ci ildə Koreyalararası hərbi sazişin imzalanmasından sonra sökülən təhlükəsizlik məntəqələrini bərpa etməyə çalışdığı müşahidə olunur.

Onların sözlərinə görə, ağır texnika ilə silahlanmış Şimali Koreya əsgərləri noyabrın 24-dən etibarən bir neçə yerdə mövqelərini bərpa ediblər.

"Şimali Koreya hazırda bir neçə keçid məntəqəsini təmizləyir, lakin onların hamısının bərpa olunacağı gözlənilir",- Cənubi Koreyanın yüksək rütbəli hərbi rəsmisi jurnalistlərə bildirib.

Seul gözlənilən təxribatların əlamətlərini aşkar etmək üçün KXDR-in hərəkətlərini diqqətlə izləyir.

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu arada, Pxenyan peyk buraxılışlarını davam etdirdiyini və suveren hüquqlarını həyata keçirdiyini elan edib.

Noyabrın 22-də məlum olub ki, Seul 2018-ci ildə hərbi gərginliyi azaltmaq üçün Koreyalararası razılaşmanın bir hissəsini dayandırıb. Qərar Şimali Koreyanın hərbi kəşfiyyat peykini orbitə buraxmasına cavab olaraq qəbul edilib. Hökumət həmçinin sərhəddə kəşfiyyat və nəzarəti bərpa etmək qərarına gəlib. Sazişin 1-ci maddəsinin 3-cü bəndinin dayandırılması Seula iki Koreyanı ayıran hərbi demarkasiya xətti ərazisində kəşfiyyat əməliyyatlarını dərhal bərpa etməyə imkan verəcək.

Bir gün əvvəl KXDR hərbi kəşfiyyat peykini buraxmaq üçün üçüncü cəhd edib və bu, uğurlu olub. Bildirilib ki, "Mulligen-1" peyki uğurla orbitə çıxarılıb və KXDR lideri Kim Çen In prosesi şəxsən izləyib.