ABŞ İranın İraq banklarında dondurulmuş 3 milyard dollarlıq vəsaitinə qoyulmuş həbsi ləğv edib. Stopnarkotik.az “Reuters” agentliyinə istinadla bildirib ki, İraq İrandan aldığı neft və qaza görə Tehrana 2,76 milyard dollar ödəyəcək. Bu mövzuda danışıqlar İraq və ABŞ xarici işlər nazirlərinin Ər-Riyadda keçirilən görüşündə aparılıb.
Qeyd edək ki, dünən İran rəsmiləri bu ölkənin müxtəlif xarici ölkələrdə, o cümlədən Cənubi Koreyada həbs qoyulan bank hesablarının blokdan çıxarılacağını açıqlamışdı. Söhbət ABŞ-ın ələ keçirdiyi neft və qaz satışından Tehranın aldığı vəsaitdən gedir. Bu bəyanatlar ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların bərpası və tərəflərin hətta saziş imzalaması xəbərləri ilə üst-üstə düşür. Görünən odur ki, Tehran və Vaşinqton razılığa yaxındırlar, əvvəlcə Vaşinqton Tehranın əsas tələblərindən birinin dondurulmuş bank hesablarından vəsaitlərin qaytarılması olacağı şərtini qəbul edib.
Yeri gəlmişkən, ölkənin dini lideri Xamneyi də nüvə sazişinə yaşıl işıq yandırıb və o, İranın nüvə infrastrukturuna toxunmamaq şərti ilə sazişin imzalanmasının əleyhinə olmadığını bildirib.
Lakin indiki şəraitdə İranla ABŞ arasında nüvə sazişinin imzalanması ehtimalı azdır. Baxmayaraq ki, hər iki tərəf bunu istəyir. İlk növbədə, İran nüvə sazişi çərçivəsində ABŞ-dan yüksək təminat tələb edir. Vaşinqton bu zəmanətləri verə bilməz. Buna səbəb ABŞ və İran arasında 8 il əvvəl 2015-ci ildə imzalanmış və daha sonra 2018-ci ildə prezident Tramp tərəfindən ləğv edilmiş nüvə sazişidir. İndi ABŞ seçkilərinə bir il qalıb və əgər növbəti dəfə Tramp yaxud yaxud başqa respublikaçı ABŞ-a prezident seçilərsə, nüvə sazişini ləğv etmək şansı yüksəkdir.
Vaşinqtonla Tehran arasında nüvə sazişini dayandıran ikinci amil İsraildir. İsrail hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsi riskini minimuma endirməlidir. Əks halda İran beynəlxalq ictimaiyyəti aldadaraq nüvə silahı əldə edə bilər. Üstəlik, son iki ildə İran Rusiyadan çoxlu sayda yeni silah və texnologiya alır və Tehran bu yaxınlarda hipersəs raketini sınaqdan keçirib. Belə bir vəziyyətdə İsrail nüvə sazişi ilə razılaşa bilməz. Digər tərəfdən, indi İsraillə yanaşı, Böyük Britaniya da İran məsələsində sərt mövqedən çıxış edir. Bu da Vaşinqton üçün əlavə çətinliklər yaradır. ABŞ hər iki paytaxtı İran məsələsində razı salmalıdır.
Stopnarkotik.az