Vasif Talıbovun şirkəti məhkəmə qarşısında: MALLARI MÜSADİRƏ OLUNA BİLƏR

Tütün məhsullarının istehsalı və satışını həyata keçirən “Cahan Tabak Beynəlxalq” MMC barədə müvafiq qurumlar tərəfindən iki protokol tərtib edilib.

Stopnarkotik.az modern.az-a istinadən xəbər verir ki, şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir.

Protokolun biri İnzibati Xətalar Məcəlləsinin 507-ci (İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalı) maddəsi əsasında tərtib edilib. Qanuna əsasən, bu müddəanın pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Şirkət, həmçinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda ittiham edilib. Həmin maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İş icraata götürülüb və Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Məhkəmə işi üzrə hakim Gülsüm Əliyevadır.

Qeyd edək ki, “Cahan Tabak Beynəlxalq” (“Cahan Tobacco International”) “Cahan Holdinq”ə daxildir. Uzun illər media bu holdinqin Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğunu bildirib. Şirkətin məhsul portfelinə 4 brend ailəsi və 13 siqaret çeşidi daxildir.

Xatırladaq ki, bir neçə gün öncə MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranması barədə xəbərlər yayılıb.