Dron zərbələrindən sonra Kursk vilayətində “Korenevski” aşağı gərginlikli avadanlıqlar zavodunda yanğın baş verib, sexlərdən biri yanıb.
Bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.
Smirnov “teleqram”ında yazıb: “Ukraynalı kopter Korenevodakı aşağı gərginlikli avadanlıqlar zavodunun ərazisinə partlayıcı qurğu atıb”.
Onun sözlərinə görə, texnoloji sexlərdən birində baş vermiş yanğını iki rayonun yanğınsöndürənləri söndürür. Rəsmi şəxs yanğının fotolarını da yayıb.
“Shot” “teleqram” kanalı yazır ki, yerli sakinlər bir neçə pilotsuz uçan aparatın səslərini və güclü partlayış səslərini eşidib, bundan sonra yerli aşağı gərginlikli avadanlıq zavodunun binasının damı yanıb. Kanal aydınlaşdırıb ki, yanğın sahəsi təxminən 500 kvadratmetrdir.
İlkin məlumata görə, itki yoxdur.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, iyulun 16-na keçən gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 13 pilotsuz uçan aparatı məhv edib, onlardan 9-u Rostov vilayəti ərazisində, qalanları Belqorod, Kursk və Voronej vilayətləri üzərində, eləcə də Qara dənizdə vurulub.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Belqorod vilayəti də Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Onun sözlərinə görə, Şebekino və Novaya Tavoljankada 4 nəfər yaralanıb.
"Enerji obyektində, qaz və elektrik təchizatı xətlərində də ziyan var" deyən Qladkov əlavə edir ki, Şebekində elektrik enerjisi qismən yoxdur. Ukrayna hərbçiləri bu bəyanatları şərh etməyiblər.