Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, yaralananların ümumi sayı 22 nəfər təşkil edir. Onlardan üçü artıq xəstəxanadan buraxılıb.
*** 19:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.
Ərdoğan hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.
Türkiyə Prezidenti hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.
Rusiya prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.
***18:54
Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
***18:26
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
Stopnarkotik.az yerli KİV-lərə istinadən xəbər verir ki, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.
*** 17:35
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) qarşısında atışma davam edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, içəridə girovların olduğu bildirilir.
*** 17:11
Ankaranın Kahramankazan rayonunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) qarşısında silahlı hücum olub.
Bu barədə yerli media məlumat yayıb.
"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.