Türkiyə polisi İsrailin “Mossad” kəşfiyyat xidmətinə məlumat satmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.
Bu barədə "Anadolu" agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında xəfiyyə də var. Keçmiş dövlət məmuru olan xəfiyyə Türkiyədə Yaxın Şərq şirkətləri və şəxsləri haqqında məlumat toplamaqda, izləmə cihazları yerləşdirməkdə və müşahidə ilə məşğul olmaqda şübhəli bilinir.
Mənbələr həbslərin Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul terrorla mübarizə polisi tərəfindən həyata keçirilən əməliyyatın bir hissəsi olduğunu bildirib.
Ankara əməliyyatla bağlı rəsmi açıqlama verməyib. İsrail tərəfi isə "Anadolu"nun xəbərinə hələ ki, münasibət bildirməyib.
Mənbələr bildirir ki, türk xəfiyyə Serbiyanın paytaxtı Belqradda “Mossad” tərəfindən təlim keçib və rəsmi qeydlərdə görünməyən ödənişləri kriptovalyuta ilə alıb.
Xatırladaq ki, yanvar ayında Türkiyə məhkəməsi “Mossad” ilə əlaqədə olmaqda və Türkiyədə yaşayan fələstinliləri hədəf almaqda şübhəli bilinən 15 nəfərin həbsinə, daha 8 nəfərin deportasiyasına qərar verib. Fevral ayında Türkiyə “Mossad”-a məlumat satmaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb.