"Türkiyə hökumətinin təklifinə qatılırıq” - ABŞ-dan Ankaranın bəyanatına REAKSİYA

ABŞ-nin Türkiyədəki səfirliyi Ankaranın İsrail-Fələstin münaqişəsi ilə bağlı çağırışlarına qatıldığını açıqlayıb.

Bu barədə ABŞ-nin Türkiyədəki diplomatik missiyası sosial şəbəkədə açıqlama yayıb.

“Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq. Gərginlik və zorakılığın azaldılması çağırışlarında Türkiyə hökumətinə və bir çox dünya liderinə qatılırıq”, - səfirlik diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün Türkiyənin Xarici İşlər Nazirliyi İsraillə Fələstin arasından yaranmış gərginliklə bağlı bəyanat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyi “HƏMAS”ın İsrailə hücumu ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Biz bu gün (7 oktyabr - Qeyd) İsrail və Fələstində baş verən zorakılıq və gərginlikdən dərin narahatıq.

Bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq.

Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyatı tərəflərlə intensiv təmaslarımızı davam etdiririk.

Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və daha da gecikmədən bu baxışa uyğun olaraq qalıcı həll yoluna çalışmağa dəvət edirik”.

Stopnarkotik.az