ABŞ və Rusiya prezidentlərinin iki saatdan artıq sürən telefon danışığndan sonra bir çox mətləblərə aydınlıq gəldi. Tramp Putinin tədricən beynəlxalq izolyasiyadan çıxmasına, müharbənin ağırlığının Rusiyanın üzərindən götürülməsinə və hətta onun güclənməsinə imkan yaratmaq niyyətindədir. Amma o, bunu dolayı fəndlərlə, incə formada etməyə çalışır...
Kremldən verilən bəyanatda deyilir ki, Putin özünün atəşkəs şərti kimi ABŞ-dən Ukraynada səfərbərliyin qarşısının alınmasını, onun silah təchizatından və kəşfiyyat məlumatlarından məhrum edilməsini tələb edib. Trampın buna nə cavab verdiyi məlum deyil. Tramp özü isə sonradan “Fox News” telekanalına bildirib ki, bu məsələ ümumiyyətlə, müzakirə edilməyib. Tərəflərin bir-birinin enerji infrastrukturuna zərbə vurmamasına Putinin razılıq verməsi daha çox Rusiyaya sərf edir. Məlum olduğu kimi, son aylarda Ukrayna dronları Rusiyanın Neft Emalı Zavodalarına iflicedici zərbələr vurur və bu hücumların səmərəliliyi getdikcə artır.
Rusiyanın ötən gecə Ukrayna şəhərlərinə kütləvi dron hücumu Putinin telefon əlaqəsindən sonra nəyəsə arxayın olmasından xəbər verir.
Bu görüşün konkret nəticəsinə gəldikdə isə Putin Trampın atəşkəs təklifini rədd edib, ancaq buna baxmayaraq, Putinin fitnə-fəsadlarına həmişə arqumentsiz haqq qazandıran Tramp məhsuldar və sülh üçün vacib olan görüşün keçirildiyini söyləyib. Əlbəttə, Putin atəşkəsə gec-tez razılaşacaq, lakin o vaxta qədər ABŞ rəhbərliyi Ukraynaya güclü təzyiq göstərməkdən ötrü düşünülmüş şəkildə Rusiyanı bu müharibədə üstün vəziyyətə gətirmək istəyir.
Bu arada, telefon əlaqəsi zamanı Yaxın Şərqdəkı hadisələr də müzakirə predmeti olub. Tampla Putinin Yaxın Şərqdəki məsələləri müzakirə etməsinin “tərcüməsi” belədir: Putin bu bölgədəki ən yaxın müttəfiqi İranın arxasından çəkilməsi müqabilində ABŞ-nin ona nə verəcəyini öyrənmək istəyib.
Ümumiyyətlə, Trampın Putinə “xoş üz göstərməsinin” başlıca səbəblərindən biri ABŞ-Avropa münasibətlərindəki gərginliklə bağlıdır. Çünki Rusiya-Ukrayna müharibəsi əslində qlobal məzmun daşıyır və bu, beynəlxalq münasibətlərdəki dərin problemlər aysberqinin yalnız görünən tərəfidir. Ukraynada gedən müharibə dünyanı yeni bir dövrə doğru aparır. Dünya sanki təzədən formatlanır və burada ABŞ daha möhtəşəm mövqe ilə yenidən baş rolda çıxış etməkdə israrlıdır.
Bundan sonra dünyada yaşanacaq siyasi prosesləri köhnə məntiqi mülahizələrlə izah etmək xeyli müşkülləşəcək, dolaşıq labirintə bənzər siyasi mənzərələr bir-birini durmadan əvəzləyəcək, geostrateji mübarizənin amansız xarakteri əski dostları rəqibə çevirəcək. Haliyədə bunun təzahürləri aydın sezilir. ABŞ-nin Avropanın təhlükəsizliyinə cavabdehlikdən imtina etməsi və Rusiyanın təcavüzkar siyasəti qoca qitəni əməllicə silkələyib. Nəhayət, 80 ildən sonra Avropa ABŞ-nin təhlükəsizlik çətirindən çıxaraq, öz təhlükəsizliyini qurmaq istiqamətində ilk addımlarını atmağa başlayıb. Belə görünür ki, bu gedişlə NATO-nun buraxılması yalnız zaman məsələsidir.
Məsələn, Fransa Prezidenti Emmanuel Makronun xalqa müracətindən çıxan ümumi nəticə ondan ibarətdir ki, Avropa tədricən ABŞ-nin hərbi himayəsi ilə vidalaşacaq. Avropanın iqtisadi lokomotivi sayılan və uzun illər boyunca militarizasiya siyasətindən uzaq duran Almaniyanın qlobal siyasətə qayıdışının da işartıları görünür. Almaniyanın müdafə xərclərini məhdudlaşdıran limitlər ləğv olundu və bu istiqamətdə 500 milyard avroluq infrastruktur fondu yaratmaq qərarına gəlinib. Avropanın nəhəngləri - Almaniya, Fransa və Britaniya liderləri yəqin ki, dünyanın dəyişdiyini anlayırlar və başa düşürlər ki, əgər birlikdə hərəkət etməzlərsə, ABŞ onları daxildən sarsıdacaq. Elə Rusiya da eyni işlə məşğuldur. Avropa gələcək qarşıdurmada yenilməmək üçün önündəki bürokratik problemləri mütləq həll etməldir. Bildiyimiz kimi, Avropada strateji qərarların verilməsi çoxsaylı prosedur əngəllərdən keçir. Avropa Birliyi iqtisadi, humanitar və sosial məsələlər üzərində dayanan bir orqandır. Ordu quruculuğu və hərbi xüsusiyyətli qərarları yalnız dövlətlərin özləri verə bilərlər. Avropa ölkələrinin bir çoxu qabaqcıl hərbi texnologiya və silahları qitənin müdafiə sisteminin gücləndirilməsi üçün yox, satış məqsədilə, sifariş əsasında istehsal edirlər. Əgər Almaniya, Fransa və B.Britaniya real birlik nümayiş etdirərsə, qitənin yerdə qalan ölkələri onların arxasına düzüləcəklər. Yəqin ki, Avropa Birliyindəki qərar qəbul edilməsi qaydasına yenidən baxılacaq...
Digər tərəfdən, Avropa elitası uzun müddət ABŞ Demokratlar partiyasının tezislərinə daha yaxın olan siysi ideoloji platforma üzərindən siyasət yürüdüb ki, bu da əhali içərisində ciddi etiraza səbəb olub. Nəticədə bu psevdo-liberal, psevdo-sosialist ideologiyasına qarşı radikal millətçi ideyaları təşkilatlanmış formada baş qaldırıb. Hazırda Avropanın mötədil sağ mərkəzçiləri vəziyyətin pisləşdiyini gördüklərindən ifrat solçuların siyasi kursunu tənqid etməklə seçicilərin rəğbətini qazanmaq istəyirlər. Almaniya Xristian Demokratlar İttifaqının seçkilərdəki naliyyəti də məhz buradan qaynaqlanır.
Avropadakı ictimai rəğbətin sürətlə radikal millətçiliyə doğru meyl etdiyini görən ABŞ-nin yeni administrasiyası rəqibinin zəif tərəflərindən məharətlə istifadə etmək niyyətindədir. Yeri gəlmişəkən, ABŞ vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsilzik Konfransındakı çıxışıyla məhz Avropanın “yaralı” yerinə - miqrant məsləsinə toxunmuşdu.
Əlbəttə, gələcək perspektivdə ABŞ ona qarşı çıxa biləcək Avropa və Çin kimi makro gücləri zəiflədəndən sonra həmin mərkəzlərin orbitinə toplaşanlar Vaşinqtona sığınmağa məcbur qalacaqlar. Trampın siyasətindən bəlli olur ki, onlar müttəfiq seçimində zəngin təbii resurslara malik Rusiyanın üzərində dayanıblar.
Beləliklə, dünyanı gözləyən iri miqyaslı siyasi-iqtisadi və hərbi təlatümlər ərəfəsində Ukrayna hakimiyyəti hadisələrə təkcə bu günün kontekstindən yox, eyni zamanda ölkələrinin yerləşdiyi coğrafi mövqedən də baxmalıdırlar. Digər tərəfdən, ukraynalılar ABŞ-nin geostrateji məqsədlərinin nədən ibarət olmasını düzgün anlamalıdırlar. Emosiyalar başa düşüləndir, lakin son 150 illik tarix göstərir ki, Rusiya ABŞ üçün özünəməxsus istifadə materialıdır və Vaşınqton bu vasitədən vaz keçmək niyyətində deyil. Tramp sadəcə, tarixi missiyanı müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Ona görə də Ukrayna rəhbərliyinin ABŞ-dən alınacaq təhlükəsizlik zəmanətinin üzərində israrla dayanması bir qədər təəccüb doğurur. Kiyev hansı zəmanətdən danışır? Ona aydın şəkildə deyirlər ki, Ukrayna NATO-ya daxil edilməyəcək. Həm də ki, NATO-nun özünün taleyi şübhəlidir. Əgər ABŞ bu gün Ukraynaya hər hansı təhlükəsizlik zəmanəti verərsə, ola bilər ki, lap yaxın zamanda müxtəlif bəhanələrlə verdiyi vədə xilaf çıxsın. Bunun baş verməyəcəyinin təminatı varmı? Yoxdur! Deməli, Ukrayna hakimiyyəti tarixin axarına uyğun real siyasət yürütməlidir./azpolitika.info