Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən İntizar Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İntizar Həsənov üç il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il fevralın 2-də saat 23:40-da Astara rayonu Çayoba kəndində yerləşən "Ceyran Plaza" şadlıq evinin həyətində qeydə alınıb.
Belə ki, təqsirləndirilən İntizar Həsənov həmin toy şənliyində qonaq olan həmkəndlisi, zərərçəkmiş Şamil Məmmədovla (soyadı şərti) zarafat edib. Bu zaman zərərçəkmiş onu nalayiq sözlərlə təhqir edib, yumruqla vurub. İntizarın dediyinə görə, Şamil onun nəslini söyüb. Sonra sərxoş vəziyyətdə olan İntizar mübahisə zamanı avtomobildən götürdüyü bıçaqla zərərçəkmişə döş qəfəsinin sol nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra İntizar Həsənov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.