“Yanvarın 3-də saat 16:40 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. S. Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb”.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumatda, həmçinin, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
***
03.01.2026-cı il tarixində saat 17:35 radələrində Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 qadın, 3 kişi olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat verib.
Məlumata görə onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Xəsarət alan şəxslərdən bir nəfər cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin ölüm faktı qeydə alınıb.
Digər xəsarət alan şəxslərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Məlumata görə, mikroavtobusun qəzaya uğraması nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova vəfat edib.
Xəsarət alan digər şəxslər xəstəxanadan evə buraxılıb.
*** 18:19
Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt-Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report