"Tehran bunun bədəlini ödəyəcək" - İsrail baş naziri İranı hədələdi

İsrailin Baş naziri Binyamin Netanyahu İranın ölkəsinə qarşı kütləvi raket hücumunu böyük səhv adlandırıb və Tehranın bunun bədəlini ödəyəcəyini bildirib.

Baş nazir bunu İsrail televiziyasında yayımlanan müraciətində qeyd edib.

"İran bu gün böyük səhv etdi və bunun bədəlini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmini başa düşmür", - müraciətdə deyilir.

"Biz müəyyən etdiyimiz qaydaya əməl edəcəyik: kim bizə hücum edirsə, biz də ona hücum edirik", - Baş nazir əlavə edib.

Netanyahu İranın hücumunu uğursuz adlandırıb.

"Bu hücum uğursuz oldu. Bunun qarşısı dünyanın ən qabaqcıl olan İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən alındı. Müdafiəmizə verdiyi dəstəyə görə ABŞ-yə təşəkkür edirəm", - o bildirib./"TASS"