Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda və xuliqanlıqda təqsirləndirilən Coşqun Məmmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin edilməyib.
İttihama görə, hadisə 25 dekabr 2022-ci il tarixdə paytaxt ərazisində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Coşqun Məmmədov səhər saatlarında tanışı, zərərçəkmiş Ə.Heydərovla ona məxsus arabanın üzərindən metal qırıntıları və plastik tullantıları hansı səbəbdən yerə tökməsinə görə mübahisə edib. O, zərərçəkmiş şəxsə yaxınlaşıb ona yerə tökdüyü metal qırıntıları və plastik tullantıları gedib arabaya yığmasını bildirib. Ə.Heydərov isə ona etiraz edib. Bu zaman Coşqun xuliqanlıq niyyətiylə mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin bədən nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Coşqun Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq) maddəsinin tərkibi olmadığı üçün ona bəraət verilib, CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək Coşqun Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib./pravda.az