Çexiyanın Karlovı Varı şəhərində rus xrisitan icmasına rəhbərlik edən Rus Pravoslav Kilsəsinin Mitropoliti İlarionunun avtomobilində tapılan ağ tozun kokain olduğu təsdiqlənib.
Stopnarkotik.az xəbər verir ki, polisin sözçüsü Martina Rixterova “Deník N” qəzetinə bildirib.
"Müayinə nəticəsində müsadirə edilən ağ tozun kokain olduğunu təsdiqləyə bilərik. Söhbət avtomobildə tapdığımız və müsadirə etdiyimiz bir neçə qramdan gedir", deyə o bildirib. Çexiya polisi işi araşdırmaqda davam edir. Hələlik heç bir ittiham irəli sürülməyib.
Mitropolit İlarion 24 mayda sürücüsü ilə birlikdə narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb. Çexiya polisi avtomobildə qanunsuz narkotik və ya psixotrop maddələrin daşınması barədə anonim məlumat alıb. Axtarış zamanı baqajda üç paket də ağ toz tapılıb. İki gün sonra mitropolit və sürücü heç bir məhdudiyyət qoyulmadan sərbəst buraxılıblar. Bundan sonra ruhani Çexiyanı tərk edərək Moskvaya gəlib.
Bu hadisənin ardınca Patriarx Kirill, "Mitropolitin Çexiya Respublikasında xidmətini davam etdirməsini qeyri-mümkün edən obyektiv səbəblərə görə" İilarionun Braziliyanın cənubundakı Argentina və Cənubi Amerika Yeparxiyasına göndərilməsi barədə fərman imzalayıb. Onun əsas xidmət yeri Santa Rozadakı Müqəddəs Həvarilər Pyotr və Pavel Kilsəsi və Kampina dos Misoesdəki Müqəddəs Yəhya İlahiyyatçı Kilsəsi olacaq.
Daha əvvəl İlarion narkotikin qanunsuz saxlanması və ya daşınması ilə bağlı hər hansı bir əlaqəsini qəti şəkildə rədd etmiş və hadisəni planlaşdırılmış təxribat adlandırmışdı. Daha sonra o, Ukrayna kəşfiyyat xidmətlərinin hadisədə iştirak edə biləcəyini irəli sürdü.
Stopnarkotik.az