Sürücülük hüququ olmayan şəxs içkili halda qəza törətdi - HÖKM OXUNDU

Bərdə rayonunda içkili vəziyyətdə avtomobil qəzası törətməkdə təqsirləndirilən Mətləb Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsilrəndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə ötən il martın 9-da Bərdə rayonunun Zümürxan kəndi ərazisində baş verib.

Bərdə şəhərində keçirilən toy məclisində spirtli içki qəbul edən Mətləb Quliyev sürücülük vəsiqəsi olmadığı halda bacısına məxsus VAZ-2107 markalı minik avtomobili ilə Tərtər rayonuna gedərkən idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan Tərtər rayon sakinləri, 1962-ci il təvəllüdlü Mətləb Valeh oğlu Quliyev və sərnişinləri, 1964-cü il təvəllüdlü Nəcibə İsa qızı Həsənova, 1957-ci il təvəllüdlü Qəndilə Həbib qızı Haqverdiyeva və 1958-ci il təvəllüdlü Vüsalə Məmməd qızı Əhmədova xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.