ABŞ-da süni intellekt sistemində baş verən səhv bir qadının azadlığına və əmlakına ciddi zərər vurub. 50 yaşlı Tennessi sakini Angela Lipps yanlış identifikasiya səbəbilə təxminən altı ay həbsdə saxlanılıb.
İnsident 2025-ci ilin iyul ayında baş verib. ABŞ marşalları qadını öz evində saxlayaraq onu Şimali Dakotada araşdırılan bank fırıldağı işi üzrə oğurluq və şəxsi məlumatlardan qanunsuz istifadə etməkdə ittiham ediblər. Lipps həmin ştatda heç vaxt olmadığını bildirsə də, məhkəməyə qədər o, girov hüququ olmadan həbsdə saxlanılıb.
Həbs qərarının əsas səbəbi süni intellektə əsaslanan üz tanıma sisteminin nəticəsi olub. Hüquq-mühafizə orqanları müşahidə kameralarından əldə edilən görüntüləri analiz edən proqramdan istifadə edib və sistem səhvən Angela Lippsi şübhəli şəxs kimi tanıyıb.
“Mən heç vaxt Şimali Dakotada olmamışam və oradan heç kimi tanımıram”, – qadın həbs müddəti boyunca israr edib.
Qadının günahsızlığı yalnız oktyabrın sonunda sübuta yetirilib. O, məhkəmə üçün Şimali Dakotaya aparıldıqdan sonra vəkili bank çıxarışlarını təqdim edib və həmin vaxt başqa yerdə olduğunu təsdiqləyib.
Angela Lipps Milad ərəfəsində azadlığa buraxılıb. O, ümumilikdə təxminən altı ay həbsdə qalıb. Bu müddət ərzində qadın ödənişləri edə bilmədiyi üçün evini və avtomobilini itirib.
Zərərçəkənin sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən ona rəsmi üzr də təqdim edilməyib./lent.az