Ermənistan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumata sahib deyil.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan erməni KİV-lərinə bildirib.
Onun sözlərinə görə, belə bir görüş planlaşdırılmır.
Qeyd edək ki, rus mediası Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcəyi barədə məlumat yayıb.
------
13:21
Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti İrəvana səfər edəcək.
Bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə olunacaq”, - mənbə bildirib.
Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır./apa