Şəmkirdə arvadına 20 bıçaq zərbəsi vuran şəxsə HÖKM OXUNDU

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Yusif Məhərrəmov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 21 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Şəmkir şəhəri, Hərbi şəhərcikdə yerləşən mənzildə qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov həyat yoldaşı, 2006-cı il təvəllüdlü Laləzar Əhmədovanı qısqanclıq zəminində 20 bıçaq zərbəsi vurub. Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.