Şəkidə iki nəfəri güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

Şəkidə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Namiq Məmmədovun ibtidai istintaqı başa çatıb.

İstintaqı tamamlanan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Tural Əfəndizadənin icraatına verilib.

Qeyd edək ki, bu ilin may ayında Şəkinin Baş Şabalıd kəndində Namik Məmmədovun 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu güllələyərək qətlə yetirməkdə şübhəli bilinib.

İttihama görə, Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə daha sonra İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namik Məmmədov hər iki şəxsi güllələyərək qətlə yetirib.

Məlumata görə, İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri olub.

N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.