Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı? - HÖKM DƏYİŞDİ

Şirvan Apellyasiya Məhkəməsində Neftçala bələdiyyəsinin keçmiş sədri Rövşən Quliyevin barəsindəki hökmdən verilən protest üzrə baş tutan prosesdə cinayət işinin bəzi detalları məlum olub.

Stopnarkotik.az Pravda.az-a istinadən xəbər verir ki, son iclasda ittiham aktı elan edilib.

İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, R.Quliyev vəzifəli şəxs qismində qanunsuz hərəkətlərə yol verərək rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, bələdiyyə əmlakını mənimsəmə, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməkdə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq olaraq 179.2.3, 179.2.4, 308.1, 311.3.3 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Belə ki, o, 2021-ci ilin mart ayının əvvəlində Neftçala şəhərində vətəndaş S.S.-in ona olan etibarından sui-istifadə edərək, sonuncuya Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evlərinin inşası üçün ümumilikdə dörd ədəd, hər biri 600 kvadratmetr olmaqla torpaq sahəsi ayrılacağı vədi verib. Bu vədlərin müqabilində Rövşən Quliyev müxtəlif tarixlərdə və müxtəlif şəxslər vasitəsilə S.S.-dən ümumilikdə 8 min manat pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib.

Bununla yanaşı, o, qeyd edilən torpaq sahələrinin ayrılması görüntüsünü yaratmaq məqsədilə S.S.-in atası və anasının adlarına bir sıra rəsmi sənədlər tərtib edib. O, Neftçala bələdiyyəsinə, eləcə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon bölməsinə və Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə aid olduğu göstərilən qərarları, aktları, rəyləri, yerquruluşu sxemlərini və kassa mədaxil orderlərini bilə-bilə saxtalaşdırıb. Həmin sənədlərdə vəzifəli şəxslərin adlarının qarşısında olan imzalar istintaqa məlum olmayan şəxslər tərəfindən atılıb, eyni zamanda saxta möhür izlərindən istifadə olunub.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Rövşən Quliyev bu əməlləri tamah niyyəti ilə törədərək rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Quliyevin təqsirliliyi Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrinin bir hissəsi üzrə sübuta yetirilmədiyindən həmin hissədə ona bəraət verilib. Bununla yanaşı, o, CM-in 178.2.3, 178.2.4 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib, lakin zərərçəkmiş şəxslə barışması, vurulmuş ziyanın tam ödənilməsi və ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. Həmin maddələr üzrə cinayət təqibinə xitam verilib, CM-nin 313-cü maddəsi üzrə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməyib.

Hökmdən dövlət ittihamçısı tərəfindən protesti verilərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və Rövşən Quliyevin CM-nin 179.2.3, 179.2.4, 308.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə cəzalandırılması xahiş olunub. Müdafiə tərəfi isə protestə etiraz edərək, hökmün qanuni və əsaslı olduğunu bildirib və onun dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü müəyyən hissədə ləğv olunub. Belə ki, birinci instansiya məhkəməsinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsindən 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, zərərçəkmiş şəxslə barışması, vurulmuş ziyanın tam ödənilməsi və ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi əsası ilə CM-nin 73-1.2-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi, habelə həmin maddələr üzrə cinayət təqibinə xitam verilməsi hissələri qanunsuz hesab edilərək ləğv edilib.

Apellyasiya məhkəməsinin qərarına əsasən, məhkum Neftçala şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evlərinin inşası üçün S.S.-in adına 600 kvadratmetr, T.T.-nin adına 600 kvadratmetr və X.X.-nin adına 600 kvadratmetr torpaq sahələrinin ayrılması ilə müqabilində 8 min manat məbləğində külli miqdarda pul vəsaitini rüşvət qismində almaqda təqsirli bilinib. Onun əməli Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə tövsif edilib. R.Quliyevin barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Eyni zamanda onun 23 yanvar 2023-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixədək, yəni 1 il 8 ay 22 gün müddətində həbsdə və ev dustaqlığında saxlanıldığı dövr CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilib. Bu müddət çıxıldıqdan sonra onun üzərində qəti olaraq 6 il 3 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

R.Quliyev məhkəmə iclas zalında dərhal həbs edilib. Qərara əsasən, məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək, cəzaçəkmə müddətinin əvvəli isə 22 yanvar 2026-cı il tarixdən hesablanacaq.