“Rusiya xüsusi xidmət orqanları Finlandiya və İsveçin NATO-ya daxil olması prosesinə müdaxilə etmək, xüsusən də bu ölkələrlə Türkiyə arasında ziddiyyətləri qızışdırmaq məqsədilə kampaniyalar planlaşdırıb”.
Bu barədə Finlandiyanın “Yle” teleradio şirkəti məlumat yayıb. “Yle” öz mənbələrindən əlavə “Dosye” mərkəzinə də istinad edir.
“Yle” tərəfindən əldə edilən sənədlər Rusiyanın İsveç və Finlandiyadakı planları haqqındadır. “Dosye” mərkəzi isə Rusiya kəşfiyyat xidmətlərinin Parisdəki fəaliyyətindən bəhs edir.
Sənədlərdə xüsusilə qeyd olunur ki, İsveçdə Quranın yandırılması ilə bağlı hadisələr Türkiyə ilə münasibətlərdə gərginliyə səbəb olub. Rusiya isə hadisələrin daha da gərginləşditməyə çalışıb. Belə ki, Avropa şəhərlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə yönəlmiş nümayişlərin keçirilməsi, həmçinin anti-İslam və Türkiyə əleyhinə qraffitilərin yerləşdirilməsi ilə bağlı addımlar atılıb. Bütün bunlar sosial şəbəkələrdə işıqlandırılmalı idi. “Yle”nin dərc etdiyi sənəddə bu aksiya “Anti-Ərdoğan layihəsi” adlanır.
“Dosye” Mərkəzinə görə, Rusiya kəşfiyyatçılarının bu əməliyyatlardan biri - 2023-cü ilin martında Parisdə həyata keçirilib. Həmin aksiyada İslam əleyhinə şüarlar altında bir sıra nümayişlər keçirilib və Ərdoğan da tənqid olunub.
Finlandiya kəşfiyyat xidmətləri “Yle”yə Rusiyada hazırlanan planlardan xəbərdar olduqlarını təsdiqləyiblar. Ancaq onların Finlandiyada həyata keçirilməsi ilə bağlı məlumatların olmadığını qeyd ediblər.
Türkiyə bu ilin aprelində Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib. İsveç isə hələ də Türkiyə hakimiyyətinin təsdiqini gözləyir.
Araşdırmaçılar bildirirlər ki, Rusiya xüsusi xidmət orqanları hər iki ölkənin NATO-ya daxil olması prosesini ləngitməyə çalışsalar da, onların əsas diqqəti İsveçə yönəlib./azpolitika.info