Qadınlarını satan ərlər “Meduza” əməliyyatında yaxalandılar

Almaniya və Britaniya polisinin rəhbərlik etdiyi beynəlxalq əməliyyat qadınları narkotik və psixotrop dərmanla yatırdan, təcavüz edən və videoları internetə yerləşdirən kişilərin bir neçə onlayn şəbəkəsini aşkar edib.

Stopnarkotik.az xəbər verir ki, 9 ölkənin hüquq-mühafizə orqanları qadınlara cinsi təcavüz etmək üçün narkotik və digər güclü maddələrdən istifadə edən cinayətkar qrupları hədəf alan genişmiqyaslı beynəlxalq əməliyyat olan “Meduza Layihəsi” həyata keçirib. Bu barədə əməliyyatı əlaqələndirən “Evropol”un mətbuat xidməti cümə axşamı, 2 iyul tarixində məlumat verib.

"Araşdırmalarda cinayətkarların qurbanları videoçəkilişlə qeydə aldığı və onlara qarşı insanlıqdan kənar hərəkətlər etdiyi onlayn şəbəkələr aşkar edib. Onlar təcrübələrini bölüşmək, qanunazidd davranışı normallaşdırmaq, reseptli psixotrop dərmanların və narkotiklərin qanunsuz ticarətini asanlaşdırmaq və cinayətkar fəaliyyətləri əlaqələndirmək üçün şifrəli mesajlaşma tətbiqlərindən, forumlardan və qapalı söhbətlərdən istifadə edirlər", deyə “Europol” açıqlamasında bildirib.

AB polis xidmətinin məlumatına görə, “bu cinayətlər tək-tük hadisələr deyil, daha geniş mütəşəkkil və bir-biri ilə bağlı davranış modelinin bir hissəsidir".

Meduza əməliyyatı 2026-cı ilin aprel ayından etibarən Almaniya Federal Cinayət İdarəsinin (BKA) və Böyük Britaniya Milli Cinayət Agentliyinin rəhbərliyi altında, “Europol” tərəfindən koordinasiya edilərək həyata keçirilib. Braziliya, Kanada, Fransa, Macarıstan, Hollandiya, İspaniya və ABŞ-dan olan hüquq-mühafizə orqanları da əməliyyatda iştirak edib.

Bir çox qurban zorakılığa məruz qaldıqlarından xəbərsizdir. BKA-nın açıqlamasına görə, istintaq yaxın sosial çevrəsindəki insanlara qarşı cinsi zorakılıq edən şəxslərə yönəlib və bu, uzun müddət, hətta illərlə davam edib. Agentlik vurğulayır ki, narkotikin tez-tez spirtli içki ilə birlikdə istifadəsi qadınların həyatı üçün təhlükə yarada bilər.

BKA yazır: "Bir çox qurban cinsi zorakılığa məruz qaldıqlarının fərqində deyil. Sakitləşdirici və ağrıkəsicilərin təsirinə görə, hadisəni xatırlaya və ya təcavüzün fiziki təsirlərini hiss edə bilməyiblər".

“Evropol”un məlumatına görə, qurbanların demək olar ki, hamısı qadınlardır. İstintaq kişilərin bir neçə onlayn şəbəkəsini aşkar edib. Onlar qadınları - əsasən arvadlarını və sevgililərini - narkotiklə huşsuz hala gətirib, təcavüz edib və sonra foto ilə videoları internetdə paylaşıblar.

Avropolun məlumatına görə, “Meduza əməliyyatı” çərçivəsində artıq 57 nəfər həbs edilib və 158 qurbanın təhlükəsizliyi təmin edilib. Əməliyyatın başlamasından bəri ümumilikdə 113 araşdırma başlanıb. 156 şübhəli və qurbanın şəxsiyyəti, eləcə də cinayətkarların hərəkətlərini əlaqələndirdiyi dörd qapalı onlayn icma müəyyən edilib.

İstintaq Fransada baş verən səs-küylü “Jizel Peliko” hadisəsindən sonra başlayıb. Onun keçmiş əri Dominik Peliko illərdir arvadına gizlicə narkotik verməkdə və huşsuz vəziyyətdə olanda başqa kişiləri ona təcavüz etməyə dəvət etməkdə günahkar bilinib. 2024-cü ilin dekabrında o, ağırlaşdırılmış təcavüzə görə 20 il həbs cəzasına məhkum edilib.

Stopnarkotik.az