Azərbaycanda qadın əri tərəfindən dəhşətli işgəncələrə məruz qalıb.
Bu barədə “Qadın və Uşaq Sığınacağı” Təşkilatının sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, əri qadını hər axşam meşəyə aparıb, başını oduna qoyub və çəkiclə əzib.
“Ərinin əlindən qurtula bilməsi isə tam bir möcüzə olub. Sonuncu dəfə yoldaşını meşəyə aparıb və dostuna zəng edərək narkotik vasitə istifadə etməyə dəvət edib. Qadın ərinin telefonla danışmağından istifadə edərək, əlindən qaçıb və uşaqlarını da evdən götürüb çıxa bilib.
Qadının yaşadıqları, dedikləri, əllərinin danışdıqca titrəməsi sözlə deyilməyəcək qədər ağrılı idi. O, dəfələrlə evdən qaçmaq istəyib, ancaq heç vaxt buna nail ola bilməyib. Hamilə olarkən özünü üçüncü mərtəbədən atıb. Xoşbəxtlikdən uşaq da, özü də sağ qalıb. Hazırda qadın sığınacaqdadır”, - deyə Mehriban Zeynalova bildirib.