Ötən gecə Rusiya prezidenti Vladimir Putinin səhhəti qəfildən pisləşib və onun ürəyi dayanıb.
Bu iddia ilə “Genral SVR” “Telegram” kanalı çıxış edib.
Kanalın məlumatına görə, dünən Moskva vaxtı ilə saat 21:05 radələrində Rusiya prezidenti Vladimir Putinin təhlükəsizlik xidmətinin əməkdaşları prezidentin yataq otağından səs-küy və yıxılma səsləri eşidiblər:
“İki təhlükəsizlik işçisi bundan sonra dərhal prezidentin yataq otağına daxil olub və Putini çarpayının yanında yerdə uzanmış vəziyyətdə görüblər. Yəqin ki, prezident yıxılanda stolu, qab-qacaqları vurub yerə yıxıb və bu səs-küyə səbəb olub. Putin yerdə uzanaraq gözlərini zilləyərək qıc olmuş vəziyyətdə tapılıb. Dərhal iqamətgahda növbətçi olan və bitişik otaqlardan birində yerləşən həkimlər çağırılıb. Həkimlər daha əvvəl prezidentin ürəyinin dayandığını müəyyən edərək onu reanimasiyaya aparıblar”.
İddiaya görə, vaxtında prezidentə yardım göstərilib, onun ürəyi işə salınıb və özünə gəlib:
“Prezident reanimasiya üçün lazımi tibbi avadanlıqların quraşdırıldığı iqamətgahdakı ən müasir texnologiyalarla təchiz olunmuş reanimasiya şöbəsinə köçürülüb. Prezidentin vəziyyəti stabilləşib və daimi həkim nəzarətindədir. Onkologiya və bir sıra digər xəstəliklər fonunda Putinin səhhətinin pisləşməsi barədə artıq dəfələrlə məlumat vermişdik. Bu ürək dayanması hadisəsi prezidentin yaxın ətrafını ciddi şəkildə təşvişə salıb. Çünki həkimlər Putinin çox xəstə olduğunu və payızın sonuna qədər yaşaya bilməyəcəyini xəbərdar ediblər. Son vaxtlar bütün rəsmi görüşləri, tədbirləri prezidentin dublyoru aparır. Axşam insidentindən sonra Putinə yaxın olan bir neçə şəxs telefonla bir-biri ilə əlaqə saxlayıb və prezident yaxın günlərdə öləcəyi təqdirdə mümkün tədbirlərlə bağlı bazar ertəsi məsləhətləşmələr aparmağa razılaşıblar”./yenisabah.az