Özbəkistanda pilot layihə: ŞAGİRDLƏR VƏ TƏLƏBƏLƏR NARKOTESTDƏN KEÇİRİLƏCƏK

Özbəkistanda məktəblilər və tələbələr narkotik istifadəsinə görə yoxlanılacaq. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Narkotiklərə Nəzarət Komitəsinin və Narkotik Təhlükəsizliyi Mərkəzinin sədri İsmətjon Əzizov açıqlayıb. Söhbət Səmərqənddə narkotik təhdidlərinə qarşı mübarizə forumu zamanı baş tutub. Testlər yerli istehsal olan test zolaqlarından istifadə etməklə aparılacaq.

"Hazırda yerli hazırladığımız icadlar var - bu kimi testlər əvvəllər heç vaxt istehsal olunmayıb. Bu, sadə bir zolaqdır: onu dilə tətbiq edirsiniz və nəticə tüpürcəkdən müəyyən edilir. Üç saniyə ərzində test maddənin mövcudluğunu göstərir. Bu günə qədər 16 növ narkotiki aşkar etmək üçün bu cür testlər hazırlamışıq", deyə mütəxəssis bildirib.

Əzizov qeyd edib ki, yeni sistem yalnız narkotik istifadəsini tez bir zamanda müəyyən etməklə yanaşı, həm də uzunmüddətli mənzərə təqdim edəcək.

"Laboratoriyalar üçün həm sadə, həm də daha mürəkkəb metodlarımız var. Həmçinin, saç vasitəsilə narkotik istifadəsini aşkar edə bilən avadanlıqların istehsalını qururuq. Bu sürətli metod üç aydan altı aya qədər məlumat verir və bədəndəki maddənin kəmiyyət tərkibini göstərir", deyə o izah edib.

Avadanlıq hazırda Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilir. Pilot sınaqlarından sonra kütləvi istehsalın iyun ayında başlanması və sentyabr ayından başlayaraq testlərin məktəblərdə və universitetlərdə geniş şəkildə istifadəsinin planlaşdırıldığı bildirilir.

Stopnarkotik.az

**